Bakı. Trend:
Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə bu yaxınlarda baş tutan telefon danışığının detallarını açıqlayıb.
Trend-in məlumatına görə, Zelenski bu barədə öz "Telegram" kanalında yazıb.
“Az əvvəl ABŞ Prezidenti Donald Tramp ilə danışdım. Söhbətə Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də qoşuldular. Hazırda komandalarımız çox çalışır və mən bütün səylərə, müharibənin dayandırılması ilə bağlı danışıqlara bu cür cəlb olunduqlarına görə təşəkkür etdim.
Biz həmçinin PURL proqramıa böyük dəyər veririk. Bu qış Ukrayna üçün ən çətin qışdır, lakin ABŞ-dən ala biləcəyimiz hava hücumundan müdafiə raketləri bu çətinliklərin öhdəsindən gəlməkdə və insanların həyatını qorumaqda böyük köməkdir.
Nümayəndələrimizin sabah Cenevrədə ikitərəfli görüşdə üzərində işləyəcəkləri məsələləri, eləcə də mart ayının əvvəlində keçiriləcək tam üçtərəfli danışıqlar qruplarının növbəti görüşünə hazırlıqları müzakirə etdik.
Ümid edirik ki, bu, liderlik səviyyəsində danışıqlara keçməyə imkan verəcək. Prezident Tramp bu addımlar ardıcıllığını dəstəkləyir. Bütün mürəkkəb və həssas məsələləri həll etməyin və nəhayət müharibəyə son qoymağın yeganə yolu budur.
Təşəkkür edirəm!”, - Zelenski paylaşımda qeyd edib.
