Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir A.Hüseynbala/
Azərbaycan Parlamenti deputatlarının Ukraynada keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyi müsbət olub.
Azərbaycan Parlamenti deputatlarının ilkin rəyinə görə, Ukraynada prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilib, bu barədə bazar ertəsi Kiyevdən telefonla Trend -a seçkiləri müşahidə edən deputat Sabir Hacıyev bildirib.
Onun sözlərinə görə, səsvermə prosesi şəffaf olub və heç bir ciddi qanun pozuntuları aşkar etməyiblər.
"Seçkiqabağı da prezidentliyə namizədlərin yerlərdəki nümayəndələri arasında heç bir gərginlik və qarşıdurma hiss olunmayıb. Məntəqə Seçki komissiyalarının üzvləri də səsvermə prosesini çox yüksək səviyyədə təşkil etmişdilər", - millət vəkili əlavə edib.
Azərbaycan deputatları Avropa Şurası və MDB parlament assambleyalarının müşahidə missiyasının tərkibində səsvermənin gedişatını izləyiblər.
AŞ PA tərkibində Azərbaycan Parlamentinin deputatları Qənirə Paşayeva və Sabir Hacıyev, MDB PA tərkibində isə digər iki deputat Nizami İsgəndərov, Rüfət Quliyev müşahidəçilik missiyaları həyata keçirib.
Azərbaycan Parlamentinin deputatları prezidentliyə namizədlər V. Yanukoviç və V. Yuşenkonun ses verdiyi seçki məntəqələrində də müşahidəçilik ediblər.
Bazar günü Ukraynada prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası 18 namizədi qeydə alıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]