Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir S.Ağayeva/
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda Parlament seçkilərini müşahidə edəcək.
Müşahidə missiyasının tərkibinə Milli Məclisin deputatları Nizami Cəfərov, Rüfət Quliyev və Səfər Məmmədov, həmçinin, Azərbaycan MSK-nın iki nümayəndəsi daxil olacaq. Bu barədə Trend-ə Azərbaycanın Qırğızıstandakı Səfirliyinin müşaviri İlqar Cabbarov deyib.
Azərbaycanlı müşahidəçilər Qırğızıstanın Bişkek və Çuy vilayətlərində seçkiləri müşahidə edəcəklər.
2010-cu il oktyabrın 10-da Qırğızıstanda Parlament seçkilərinin keçirilməsi planlaşdırılır. Respublikada qanunvericilik orqanı apreldən fəaliyyət göstərmir. Parlament, çevrilişdən sonra, ölkənin yeni rəhbərliyinin qərarı ilə buraxılıb. Seçkilər hakimiyyət orqanlarını - Parlament və hökuməti yaratmağa imkan verəcək.
Qırğızıstanda keçiriləcək növbədənkənar Parlament seçkilərində iştirak etmək üçün beş azərbaycanlı öz namizədliyini irəli sürüb. Allahverdiyev Akif (Azərbaycan diasporunun sədri), Allahverdiyev Arif (vəkil), Əbülqasımov Vladimir (Bişkək merinin köməkçisi), Əliyev Fərhad (tələbə) və Hacıyeva Leyladır (Qırğızıstan bankının əməkdaşı). Bu barədə çərşənbə axşamı Trend-ə
Azərbaycanın Qırğızıstandakı Səfirliyinin müşaviri İlqar Cabbarov deyib.
Bütün namizədlər Parlament seçkilərində iştirak edən Qırğızıstanın 29 siyasi partiyasının 5-dən irəli sürülüb.
Statistikaya əsasən, Qırğızıstanda 20 minə yaxın azərbaycanlı yaşayır.