...

Erməni işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi "Dövlətqaçqınkom"a tapşırıldı

Siyasət Materials 24 Fevral 2017 17:41 (UTC +04:00)
Erməni işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi məsələləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılıb.
Erməni işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi "Dövlətqaçqınkom"a tapşırıldı

Bakı. Trend:

Erməni işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi məsələləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılıb.

Trend-in məlumatına görə, bununla əlaqədar Nazirlər Kabinetinin sərəncamında qeyd olunur ki, Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 51s nömrəli sərəncamı ilə yaradılmış Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun fəaliyyəti 2016-cı ilin sonunda başa çatdığı üçün bu sahədə işlərin davam etdirilməsi 2017-ci ildən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə edilsin.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılır:

- Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi işini davam etdirmək məqsədi ilə Komitənin aparatının mövcud ştat sayı dairəsində İşçi Qrupu yaratsın;

- həmin İşçi Qrupunun tərkibinə mövcud İşçi Qrupuna daxil olan mütəxəssisləri və aidiyyəti dövlət orqanlarının nümayəndələrini cəlb etsin;

- yeni yaradılacaq İşçi Qrupu tərəfindən əraziləri işğal olunmuş rayonlarla yanaşı, 1988-1992-ci illərdə Ermənistandan deportasiya olunmuş azərbaycanlılara dəymiş ziyanın hesablanmasını da təmin etsin;

- münaqişə nəticəsində dəymiş ziyan, itki və tələfatlar barədə beynəlxalq ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması məqsədi ilə beynəlxalq konfransların keçirilməsini, qısametrajlı filmlər çəkilib göstərilməsini, müxtəlif dillərdə kitabların, bukletlərin hazırlanmasını və yayılmasını təşkil etsin;

- görülən işlər barədə hər ilin sonunda Nazirlər Kabinetinə hesabat təqdim etsin.

İşçi Qrupunun fəaliyyəti ilə əlaqədar bütün xərclər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparatının saxlanılması xərcləri dairəsində həyata keçiriləcək.

Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu fəaliyyəti dövründə dövlət büdcəsinin vəsaiti hesabına alınmış invertar və avadanlıqların Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təhvil verilməsini təmin edəcək.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti