Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda çoxuşaqlı ailələrin sayında artım müşahidə edilir. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
Onun sözlərinə görə, artıq Azərbaycan ailəsində 4 və 5 uşaqlı ailələrin sayı artır: "10 il əvvəllə müqayisə etsək görərik ki, artıq Azərbaycan ailəsi çox böyük məmnuniyyətlə 2 uşaqlı ailədən 4-5 uşaqlı ailəyə keçməyə cəsarət edir. Təbii ki, hər kəs bunu öz imkanları baxımından edir".
S.Qəhrəmanova bildirib ki, hər bir ailə imkanlarına görə uşaqların sayını müəyyən etməli, ailə planlaması olmalıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova isə Trend-ə bildirib ki, bu gün Azərbaycan ailəsində say baxımından 2-3 uşaqlı ailələr çoxluq təşkil edir. Lakin son illərdə 4-5 uşaqlı ailələrində də sayı artır. Onun sözlərinə görə, bu, daha çox əkiz və üçəm uşaqların doğulması hallarının artması ilə bağlıdır.
A.Veysəlova hesab edir ki, çoxuşaqlı ailələrin sayının artmasında dövlətin belə ailələrə göstərdiyi qayğı da mühüm rol oynayır.
Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, 1995-ci ildə Azərbaycanda doğum ardıcıllığına görə 9817 uşaq ailədə 4-cü, 5294 uşaq 5-ci və çox uşaq kimi dünyaya gəlib. Lakin sonrakı illərdə bu göstəricilər azalmağa başlayıb. Nəticədə 2010-cu ildə doğum ardıcıllığına görə ölkədə 4-cü uşaq kimi dünyaya gələnlərin sayı azalaraq hətta 3018-ə, 5-ci və çox uşaq kimi dünyaya gələnlərin sayı isə 702-yə enib. Lakin 2011-ci ildə ölkədə 5 və daha çox uşaqlı ailələrin sayında artım olmasa da, həmin ildən 4 uşaqlı ailələrin sayı artmağa başlayıb. 2012-ci ildən isə doğum ardıcıllığı üzrə 5-ci və çox uşaq kimi dünyaya gələnlərin sayında da artımlar müşahidə edilir.
Xatırladaq ki, 1999-cu və 2009-cu illərdə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələrinə əsasən, 18 yaşadək uşaqları olan ailələrin sayının 2,8 faiz artmasına baxmayaraq, 3 uşaqlı ailələrin sayı 19,7 faiz, 4 və çox uşaqlı ailələrin sayı isə 40,8 faiz azalıb. Bu dövr ərzində 3 uşaqlı ailələrin xüsusi çəkisi 26 faizdən 20 faizə qədər, 4 uşaqlı ailələrin xüsusi çəkisi isə 17 faizdən 10 faizə qədər azalıb.