Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Maksim Tsurkov/
MDB iqtisadi məkanı Azərbaycan üçün əsas yerdir, çünki onun ölkənin ixrac strukturunda payı böyükdür. Bunu bazar ertəsi Trend-ə Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət komitəsinin üzvü Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, MDB bazarı məhsullarımızın tədarükü üçün böyük əhəmiyyət kəsb edir: "Azərbaycan hazırda ixracyönümlü ölkədir. Bizdə qeyri-neft məhsullarının ixracının artımı, malların keyfiyyətinin yaxşılaşdırılması, onların beynəlxalq standartlara yaxınlaşdırılması üzrə müsbət tendensiya müşahidə olunur. Hazırda Azərbaycandan qonşu ölkələrə idxal edilən məhsulların çeşidi 3-5 il əvvəlkindən tamamilə fərqlənir. Biz daha çox hazır məhsullar ixrac edirik. Məsələn, əvvəllər kənd təsərrüfatı məhsullarından yalnız alma və tərəvəzlər ixrac olunurdusa, artıq onlar konservləşdirilmiş formada tədarük edilir. Bu, kənd təsərrüfatı və emal sənayesinin inkişafından xəbər verir".
R.Quliyev bildirib ki, hazırda Azərbaycanın qeyri-neft məhsullarının 70 faizindən çoxu Rusiya, Ukrayna, Qazaxıstan və MDB-nin digər ölkələrinə tədarük olunur: "Azərbaycana milli maraqlardan çıxış etməklə MDB ölkələri ilə əməkdaşlıq etmək vacibdir. Ölkədə MDB ilə əlaqələrlə bağlı fikirlər müxtəlifdir. Mən, ilk növbədə, iqtisadçı kimi qeyd edirəm ki, MDB bizim üçün daha bir siyasi məkandır".
Bununla yanaşı, onun fikrincə, MDB ölkələri ilə ikitərəfli iqtisadi əlaqələri inkişaf etdirmək lazımdır: "Əgər MDB-də iştirak etməsək, bu, avtomatik olaraq MDB ölkələrinin iqtisadi cəhətdən zəifləməsinə səbəb olacaq, halbuki biz bu bazarda ixrac məhsullarımızla Qərb ölkələri ilə rəqabət apara bilərik, sonra isə daha da möhkəmlənəcək və inkişaf edəcəyik. Paralel olaraq Asiya və Avropa bazarlarına ixrac etməyə çalışacağıq. MDB məkanında mövqelərimizi möhkəmlətsək, gələcəkdə Qərb və Asiya bazarlarına asanlıqla çıxacağıq".