Azərbaycan, Bakı, 21 oktyabr /Trend/
Azərbaycan Gənclər Fondu ali təhsil müəssisələrində təqdimatlar keçirməyə başlamışdır. Fondun əməkdaşları tərəfindən keçirilən təqdimat mərasimləri ilkin olaraq Xəzər Universitetində start götürüb.
18 oktyabr 2013-cü il tarixində Fondun Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov tərəfindən keçirilən görüşdə tələbələr üçün Gənclər Fondunun və hal-hazırda keçirilən 4-cü qrant müsabiqəsinin təqdimatı baş tutub. Bu gün 21 oktyabr 2013-cü il tarixində təqdimatlar Fondun Aparat rəhbəri Faiq Qürbətov, Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Strateji Planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov, sektorun əməkdaşı Ramin Cəfərov tərəfindən Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Gəncədə Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetində keçiriləcək.
Görüşlərdə tələbələrə Fonda müraciət qaydaları, onlayn qeydiyyat, layihə təqdim etmə və digər zəruri məlumatlar təqdim olunur.
Nəzərinizə çatdıraq ki, təqdimatlar hal-hazırda keçirilən 4-cü qrant müsabiqəsində gənclərin və tələbələrin fəallığını artırmaq, onları məlumatlandırmaq məqsədilə keçirilir. 4-cü qrant müsabiqəsinin məqsədi gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 14-29 yaş həddində olan fiziki şəxsləri "C" kateqoriyası üzrə müsabiqədə iştirak etmək üçün layihə təkliflərini təqdim etməyə dəvət edir. Müsabiqə haqqında ətraflı məlumat üçün: http://youthfoundation.az/4cuqrantelani/ Gənclər Fondunda fiziki şəxslərin qeydiyyat forması üçün: http://www.youtube.com/watch?v=aj96KK2yok8 . Fiziki şəxslərin "C" kateqoriyası üzrə layihə təqdim etmə təlimatı: http://www.youtube.com/watch?v=hKJSRg3V18Q