Azərbaycan, Bakı, 8 may /Trend, müxbir X.Murtuzayeva/
ABŞ-ın Santa-Fe (Nyu-Meksiko ştatı) şəhərində ola bilsin ki, bütün dünyada ən kök pişik olan Myau ölüb. Trend Rusiya KİV-ə istinadən məlumat verir ki, 18 kiloqramlıq pişik mayın 5-də vəfat etsə də, bu barədə yalnız indi xəbər veriblər.
Son həftələr ərzində sığınacaqda yaşayan və cəmi iki yaşı olan Myau ləqəbli pişiyin ölümünə səbəb piylənmə ilə əlaqədar ağciyər çatışmazlığı olub. Pişiyin sığınacağa düşməsinə səbəb də elə onun həddindən artıq piylənməsi olub. Yaşlı qadın olan əvvəlki sahibi ona qulluq etməkdən imtina edib.
Sığınacaqda pişik üçün xüsusi pəhriz təyin edilib. Kurs başa çatandan sonra kürən-ağ pişiyə yeni sahib tapılacağı ehtimal olunurdu. Sığınacağın əməkdaşları artıq öyrəşdikləri pişiyin ölümündən çox kədərləniblər. Axı Myau burada olduğu müddətdə bir sıra televiziya şoularında iştirak etməklə bütün ölkədə məşhurlaşaraq əsl ulduza çevrilmişdi.
Myaudan əvvəl isə dünyada ən kök pişik Himmi ləqəbli avstraliyalı pişik hesab edilirdi. Onun çəkisi 21,3 kiloqram idi. Himmi 10 yaşında ağciyər çatışmazlığından vəfat etmişdi. 2003-cü ildə isə dünyada ən kök pişik beş yaşlı Katya hesab edilirdi. O, Rusiyada yaşayırdı və çəkisi 23 kiloqram idi.