Azərbaycan, Bakı, 15 avqust / Trend /
Dünya şöhrətli fantast yazıçı Harri Harrison 88 yaşında vəfat edib. Bu barədə onun rəsmi internet portalında məlumat verilir. Onun ölümünün səbəbləri açıqlanmır. Trend Rusiya KİV-ə istinadən xəbər verir.
Harrison 1925-ci ildə Amerikanın Konnektikut ştatında anadan olub.
O,öz karyerasına komik kitab illüstratoru kimi başlayıb. Sonralar yumoristik hekayələr, daha sonralar isə ona dünya şöhrəti gətirən fantastik hekayələr yazmağa başlayıb. O, fantastika pərəstişkarlarının stolüstü kitabına çevrilən onlarla kitabın müəllifidir. "Ölümlər dünyası", "Edemin qərbi", "Çürüməyən poladdan siçovullar" adlı kitablar yazıçının ən çox oxunan əsərləri sırasındadır.
Harrison fantastika sahəsində çoxsaylı mükafatların müəllifidir. "Amerikanın elmi-fantastik janrda yazan yazıçıları" cəmiyyətinin vitse-prezidenti, Ümumdünya Esperanto Assoasiyasınını fəxri patronu, Britaniyanın Elmi-Fantastik Assoasiyasının üzvü, Müqəddəs Fantoniya ordeninin cəngavəri olub. Harrison bütün dünyada bu janrda yazan yazıçıları birləşdirən "Ümumdünya elmi fantastika" təşkilatını təsis edib.
Qeyd etmək lazımdır ki, Harrison həyatının böyük hissəsini Amerikada yaşasa da , ahıl yaşlarında İrlandiyaya köçüb. Son illər o, Dublin yaxınlığında yaşayıb. Lakin səhhətinin pisləşməsi ilə əlaqədar yazıçı Sasseks qraflığında yerləşən Luis şəhəri yaxınlığındakı qocalar evində məskunlaşıb.