Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir R.Daraxşan/
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov son vaxtlar Azərbaycanın işğal olunmuş əraziləri üzərindən mülki uçuşlar üçün mümkün təhlükələrə dair erməni tərəfinin səsləndirdiyi bəyanatları cümə günü izah edərkən Trendə bildirib ki, bu məsələdə Azərbaycan tərəfinin mövqeyi daha əvvəl artıq səsləndirilib. Poluxov bir daha xatırladıb ki, məhz erməni hərbçilər tərəfindən Qarabağ səmasında mülki əhalini və humanitar yükləri daşıyan mülki vertolyotlar vurulub.
Azərbaycan XİN-in mətbuat xidmətinin əməkdaşı Elman Abdullayev daha əvvəl Trend-ə bildirib ki, Azərbaycan tərəfi bir daha Beynəlxalq Mülki Aviasiya Təşkilatının, eləcə də bütün beynəlxalq təşkilatların diqqətinə çatdırır ki, Ermənistanın işğal etdiyi ərazilər üzərindən mülki uçuşlar üçün təhlükə və hərbi münaqişə zonasında və Azərbaycan hakimiyyətinin nəzarətindən müvəqqəti kənarda olan zonada təxribat hərəkətlərinin törədilməsinin mümkünlüyü qalmaqdadır.
"Məhz Ermənistan silahlı qüvvələri mülki şəxsləri daşıyan İran təyyarəsini vurub və indiyə kimi bu faktı xəcalətdən gizlədirlər. Erməni təbliğat maşını dünya birliyinin fikrini məsələnin mahiyyətindən - müstəqil Azərbaycanın ərazilərinin davam edən işğalından bilərək yayındırmağa çalışır. Heyf ki, hələ də savadsız politoloqlar mövcuddur ki, öz şərhlərində Ermənistan təcavüzün mahiyyəti və bu faktın əmələ gətirdiyi reallıqlardan yox, təcavüzün törəmələrindən danışmağa üstünlük verirlər. Bu sualları öz qarşısında qoymaq çox çətindirmi - nə üçün doqquzyaşlı günahsız azərbaycanlı oğlan erməni snayper tərəfindən öldürülür, nə üçün işğal olunmuş ərazilərin səmasında uçmaq təhlükəlidir və erməni hava hücumundan müdafiəsi hər hansı uçucu aparatını, hətta onun mülki olmasına baxmayaraq belə vura bilər, nə üçün bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün daim yaşadığı yerlərə qayıda bilmir, nə üçün vaxtilə firavan yaşayan yüzlərlə kvadrat kilometr ərazi keçilməz meşələrə çevrilib? Cavab asandır - bütün bunlar erməni işğalının nəticəsidir və dünya Ermənistanı işğal olunmuş torpaqlardan qoşunlarının çıxarılmasına çağırmaqdan yorulub. İşğalçı qüvvələrinin çıxarılması bütün bu təhlükə və əzabların doğurmasına imkan qoymaycaq" deyə Elxan Poluxov bildirib.
Poluxovun sözlərinə görə, bu gün Ermənistan beynəlxalq təhlükəsizlik arxitekturasına, yəni beynəlxalq hüququn norma və prinsiplərinə nifrətli münasibət nümayiş etdirməklə özünü bütün dünya birliyinə qarşı qoyur, eyni zamanda Ermənistan BMT, ATƏT kimi beynəlxalq təşkilatlarına daxil olanda bu norma və prinsiplərə riayət etmək öhdəsinə götürüb. Bu vəziyyət əbədi olaraq davam edə bilməz, Poluxov deyib.
"Ermənistan rəhbərliyi nəinki konstruktivizmi göstərməlidir, realist olmalıdır və başa düşməlidir ki, 21-ci əsrdə müstəqil dövlətin ərazisinin işğalının davamı, etnik təmizləmələr üçün bəraət qazandırması, beynəlxalq səviyyədə tanınmış sərhədlərin zorla dəyişdirilməsi üçün yer yoxdur. Buna nə Azərbaycan, nə dünya birliyi yol verəcək", Poluxov qeyd edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.