Bakı. Trend:
Çinin “Tianwen-3” missiyası 2031-ci ildə Marsdan torpaq nümunələrini Yerə gətirəcək.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, missiyanın əsas elmi məqsədi Qırmızı planetdə həyat əlamətlərini axtarmaqdır.
2028-ci ildə “Tianwen-3”ün iki buraxılışı planlaşdırılır. Bu missiyanın məqsədi Marsa eniş etmək, nümunələr toplamaqdır. Bu halda, Qırmızı planetə eniş sahəsi də nümunə götürmə məkanına çevriləcəkdir.
Laboratoriyanın alimləri “National Science Review” jurnalının noyabr sayında dərc olunan qısa məqalədə öz tədqiqat strategiyalarını açıqlayıblar. Onlar, əsasən, “Chryse Planitia” və “Utopia Planitia”nın qədim bölgələrində cəmləşmiş, sahil xətləri, deltalar, qurumuş göllər və kanyon sistemləri kimi müxtəlif geoloji mühitləri əhatə edən 86 potensial eniş yeri təklif ediblər ki, bu da potensial həyat əlamətləri tapmağa imkan verəcək.
Komanda həm səthdən nümunə götürmə, həm də qazma üsullarından istifadə edərək bioimzaların müəyyən edilməsi istiamətində iş aparacaq. Bu missiyada texnologiyanın xüsusi olaraq hazırlanmış yeni vasitələrindən istifadə olunacaq.
“Tianwen-3” missiyası beynəlxalq əməkdaşlıq vasitəsilə hazırlanmış faydalı yükü daşıyacaq. Eyni zamanda, Çin mütəxəssisləri Marsdakı torpaq nümunələri və aşkarlama məlumatları üzərində birgə araşdırma aparmaq üçün dünyanın müxtəlif ölkələrindən olan alimlərlə əməkdaşlıq edəcəklər.
Çin, həmçinin Yupiterin təkamül tarixini və onun peyklərinin meydana çıxması prosesini öyrənmək üçün “Tianwen-4” missiyasının bir hissəsi olan “Jovian” sistemini də tədqiq etməyi planlaşdırır.