...

Gənclərin su idmanı növlərinə marağı bizi qürurlandırır - Tamerlan Abdullazadə

İdman Materials 28 Noyabr 2024 14:40 (UTC +04:00)
Gənclərin su idmanı növlərinə marağı bizi qürurlandırır - Tamerlan Abdullazadə
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Gənclərin su idmanı növlərinə marağı və valideynlərin övladlarını üzgüçülüklə məşğul olmağa təşviq etməsi bizi çox qürurlandırır.

Trend xəbər verir ki, bunu Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə Bakıda keçirilən Azərbaycan açıq qış çempionatının açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, yarışın əsas məqsədi regionlardan olan perspektivli idmançıları üzə çıxarmaq və onları gələcəkdə milli komandanın tərkibinə cəlb etməkdir: "Biz bu məqsədlə Mingəçevirdə turnir və regional məşqçilər arasında təlim təşkil etmişdik. Hazırda çempionatda Naxçıvan, Gəncə, Bərdə, Şəmkir və sair bölgələrimizdən idmançılar iştirak edirlər. Bunun əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan üzgüçüləri beynəlxalq arenada yüksək nəticələr əldə edə bilsinlər".

Federasiya rəsmisi bu çempionatın, həmçinin dekabrın 18-23-də Estoniyanın Tartu şəhərində keçiriləcək Açıq Estoniya Qış çempionatına hazırlıq məqsədi daşıdığını söyləyib:

"Bu baxımdan ölkə çempionatı milli komandanın üzvləri üçün böyük əhəmiyyət kəsb edir. İdmançılar burada qüvvələrini sınayaraq, özlərini inkişaf etdirirlər".

T.Abdullazadə su polosunun ölkədə inkişafı üçün Azərbaycan Üzgüçülük Federasıyası tərəfindən müəyyən işlərin görüldüyünü də diqqətə çatdırıb.

Qeyd edək ki, çempionatda Azərbaycanın 15 müxtəlif klub və idman cəmiyyətlərindən 150 FINA xalı olan 240-a yaxın idmançı mübarizə aparır. Dünən start götürən çempionata noyabrın 30-da yekun vurulacaq. Yarışın sonunda qaliblər diplomlar və hədiyyələrlə mükafatlandırılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti