...

İqlim dəyişikliyi insan hüquqlarına hansı təsirləri göstərir?

Yaşıl iqtisadiyyat Materials 28 Noyabr 2024 12:25 (UTC +04:00)
İqlim dəyişikliyi insan hüquqlarına hansı təsirləri göstərir?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Dünyada baş verən iqlim dəyişikliyinin təsiri artıq çox açıq şəkildə hiss olunur. Hava şəraitinin kəskin dəyişməsi daha tez-tez və daha güclü təbii fəlakətlər (qasırğalar, daşqınlar, yanğınlar, quraqlıqlar) ilə özünü göstərir. Bunun əlamətləri Azərbaycanda da müşahidə edilməkdədir. İqlim dəyişikliyi insanların həyatına da ciddi şəkildə təsir edir. Bununla Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki əsas çərçivə sənədi olan Paris İqlim Sazişi (2015) ön plana keçir.

Bu ay ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşıyır.

Azərbaycan bu tədbiri olduqca yüksək səviyyədə keçirdi. COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik - Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə edilməsi oldu.

Bakı Maliyyə Məqsədi inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir.

COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək. Bu irəliləyişlər Azərbaycan Sədrliyinin aylarla davam edən intensiv diplomatiyasının nəticəsidir.

COP29 çərçivəsində Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsi tərəfindən təşkil olunmuş iqlim dəyişmələri və insan hüquqlarına dair panel müzakirəsi də keçirildi. Bu müzakirələr də COP29 tədbirinə öz töhfəsini verdi. İqlim dəyişmələri kontekstində dünyada insan hüquqlarının müdafiəsi Azərbaycan üçün prioritet məsələrdəndir.

Ümumiyyətlə, hər il milyonlarla insan iqlim dəyişmələri nəticəsində çətinliklərlə üzləşir. Bunlara temperaturun artmasını, su resurslarının azalmasını, məhsuldarlığın azalmasını, quraqlığı misal göstərmək olar.

İqlim dəyişikliyinin təsirləri getdikcə daha geniş miqyasda hiss olunur və bununla mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlıq, təmiz enerji istifadəsi, karbon tullantılarının azaldılması və davamlı kənd təsərrüfatı praktikalarının inkişafı kimi tədbirlər prioritetdir. Bunun ən bariz nümunəsi ölkəmizin uğurla keçirdiyi COP29 konfransını göstərmək olar.

İqlim dəyişikliyi birbaşa təbii resursların, suyun, torpağın, hava keyfiyyətinin dəyişməsi ilə əlaqədardır və bu dəyişikliklər insanların gündəlik həyatını təhdid edir. Bu məsələyə daha geniş bir perspektivdən yanaşmaq üçün Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və İqtisadi, Sosial və Mədəni Hüquqların Beynəlxalq Paktı kimi sənədləri nəzərə almaq lazımdır. Hər iki sənəd insanların müəyyən fundamental hüquqlara sahib olduqlarını təsdiq edir. Buraya yaşamaq, inkişaf etmək, sağlamlıq, qida və təmiz suya çıxış və təbii mühitdə yaşamaq hüquqları aiddir.

İqlim dəyişikliyi bu hüquqların pozulmasına səbəb olan bir faktordur. Həmçinin, ətraf mühitin qorunması da insan hüquqlarının təmin olunması üçün vacibdir. İnsan hüquqlarına hörmət etməyən iqlim siyasətləri, hüquqların pozulmasına və sosial ədalətsizliyə səbəb olur. İqlim dəyişikliyi müxtəlif yollarla insan hüquqlarını təhdid edir. Bu təsirlər birbaşa və dolayı olaraq fərqli sosial təbəqələrə, xüsusən zəif və həssas qruplara yönəlir.

İqlim dəyişikliyinin əsas insan hüquqlarına təsirlərini aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür:

Yaşamaq hüququ insanların həyatını qorumaq üçün əsas hüquqdur. Lakin iqlim dəyişikliyi bu hüququ təhdid edir. Təbii fəlakətlər — sel, quraqlıq, fırtınalar — insanların həyatına ciddi təhlükə yaradır. Dəniz səviyyəsinin yüksəlməsi, xüsusilə sahil bölgələrindəki əhali üçün evlərini itirmək və ya həyatını itirmək kimi risklər yaradır. Dəyişən hava şəraiti ilə bağlı yeni xəstəliklər və mikroorqanizmlər də insan sağlamlığını təhdid edir. Məsələn, yoluxucu xəstəliklər və havanın istiləşməsi qlobal sağlamlıq böhranlarına səbəb ola bilər.

Sağlamlıq Hüququ: İqlim dəyişikliyi bir çox xəstəliklərin yayılmasına şərait yaradır. Hava istiliyinin artması, suyun və ərzaqların çirklənməsi insan sağlamlığını birbaşa təsir edir.

Quru və quraqlıq əkinçilik üçün vacib olan su resurslarının azalması, qida məhsullarının çatışmazlığına və bununla da malyariya, vərəm, dizenteriya kimi yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər. İqlim dəyişikliyi ilə əlaqədar artan istilər xüsusilə yaşlılar, uşaqlar və xəstə insanlar üçün həyati təhlükə yaradır. Artan hava çirkliliyi (xüsusilə şəhər ərazilərində) ürək-damar xəstəlikləri və nəfəs yolları xəstəliklərinin artmasına səbəb olur.

Qida və su təhlükəsizliyi: Qida və suya çıxış hüququ hər bir insanın ən əsas ehtiyaclarından biridir. Lakin iqlim dəyişikliyi əkin sahələrinin azaldılması və su ehtiyatlarının tükənməsi ilə nəticələnir, bu da qida və su təminatını təhdid edir. Quraqlıq, dolu və fırtınalar əkinçilik sahələrini məhv edir, balıqçılıq sənayesi isə suyun çirklənməsi və dənizlərin istiləşməsi ilə təhdid olunur. Bu da insanların qida təminatını məhdudlaşdırır və sosial ədalətsizliyi artırır.

Məcburi köçkünlük və ev sahibliyi hüququ iqlim dəyişikliyi insanların evlərini itirməsinə və məcburi köçkün olmasına səbəb olur. Dəniz səviyyəsinin yüksəlməsi, fəlakətli sel və zəlzələlər nəticəsində milyonlarla insan yaşayış yerini tərk etmək məcburiyyətində qalır. Məcburi köçkünlər evlərindən və həyat tərzlərindən məhrum olurlar. Bu da ev sahibi olmaq və yaşamaq hüququnu pozur. Məcburi köçkünlər üçün yeni evlər tapmaq uyğun təhsil, səhiyyə və sosial xidmətlərə çıxış təmin etmək çətinləşir.

İqlim dəyişikliyi iqtisadiyyat üzərində də ciddi təsir göstərir. İş yerlərinin itirilməsi xüsusilə iqlimə həssas sahələrdə (kənd təsərrüfatı, balıqçılıq, turizm), işçilərin həyatını çətinləşdirir. Qlobal səviyyədə, zəngin ölkələr iqtisadi inkişafı sürətləndirərkən, inkişaf etməkdə olan ölkələrdə yaşayan insanlar çox zaman iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı daha az qorunurlar. Bu da sosial ədalət və bərabərlik prinsiplərinin pozulmasına gətirib çıxarır. İqlim dəyişikliyinin ən çox təsir etdiyi qruplar cəmiyyətin ən həssas təbəqələridir. Qadınlar, uşaqlar, yaşlılar, müharibə və münaqişə zonalarından gələn miqrantlar, kəndli və balıqçı icmaları iqlim dəyişikliyinin təsirlərinə qarşı xüsusilə həssasdırlar.

Qadınlar xüsusilə kənd təsərrüfatına əsaslanan bölgələrdə iqlim dəyişikliyinin təsirlərini kişilərdən daha çox hiss edirlər. Onlar su və qida təminatı ilə bağlı əlavə yük daşıyırlar və iqlim dəyişikliyinin nəticələri onların həyat şəraitini daha da ağırlaşdırır.

Yaşlılar və uşaqlar daha çox xəstələnir və ölüm riski ilə qarşı-qarşıyadırlar. Onlar dəyişən hava şəraiti və təbii fəlakətlərdən ən çox zərər çəkən qruplardandır.

Zəif infrastruktur və çətin sosial şərait məcburi köçkünlər üçün həyati çətinliklər yaradır. Bu insanlar sosial xidmətlərdən və hüquqlardan məhrum qalırlar.

İqlim ədaləti iqlim dəyişikliyinin səbəb olduğu sosial ədalətsizliyi azaltmaq məqsədini güdür. Bu, zəngin ölkələrin və böyük sənayelərin iqlim dəyişikliyinin törədilməsi ilə bağlı daha çox məsuliyyət daşıdıqlarını qəbul etməyi və daha zəif ölkələrə iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün yardım etməyi tələb edir.

Dünyada iqlim dəyişikliyinin humanitar təsirlərini azaltmaq, hüquqların qorunması və sosial bərabərliyin təmin edilməsi üçün beynəlxalq və milli səviyyədə hüquqi və sosial tədbirlər lazımdır. Dövlətimiz bu sahədə çox böyük işlər görür.

Bütün bu sadaladıqlarımızdan vətəndaşlarımız da illər boyu çox əziyyət çəkib. Belə ki, Ermənistanın 30 illik işğalı nəticəsində torpaqlarımızın ekoloji vəziyyətinə ciddi ziyan dəyib. İşğal olunmuş ərazilərdə həyata keçirilmiş qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı ekoloji problemlərə gətirib çıxarıb. Ermənilər vandalcasına ərazilərimizdə meşələri qırıb, yandırıb, su ehtiyatlarını çirkləndirib, flora, faunanı məhv edib və yerin təkini talan ediblər. Bu da ekoloj tarazlığı pozub. Lakin beynəlxalq hüquq praktikasına görə, işğalçı tərəf öz gücündən mənafeyini qorumaq və ya əhalisinin maraqlarını təmin etmək üçün istifadə etməməlidir.

Azərbaycanın əvvəllər işğal olunmuş bütün ərazilərində 260 min hektara yaxın meşə ərazisi var idi, lakin son 30 il ərzində meşə örtüyü sürətlə azalıb. Ermənistanın mebel sənayesi və bu sahədə ixrac göstəriciləri artıb, bu isə həmin prosesin qiymətli ağac növlərinin bitdiyi Qarabağın meşə resurslarından istifadə edilməsi ilə bağlı olduğunu göstərir.

Ermənilərin "təhlükəsizlik zonası" adlandırdıqları Azərbaycan rayonlarının ərazisində işğal dövrü ərzində mütəmadi olaraq qəsdən yanğınlar törədilirdi. Nəticədə yandırılmış ərazilər insanlara, iqtisadiyyata və ətraf mühitə təsir edirdi. Bu da vətəndaşlarımızın hüquqlarının kobud şəkildə pozulması demək idi. Azərbaycanın transsərhəd çayı olan Oxçuçayın Ermənistan tərəfindən çirkləndiirlməsi, ölkəmizə qarşı aparılan ekoloji terror hələ də davam edir.

Vətən müharibəsi zamanı da bu ekoloji terror davam edirdi. Erməni silahlı qüvvələri tərəfindən ağ fosforlu mərmilər tətbiq edilirdi. Bu maddə zəhərləmək və təhlükəli yanıq izləri qoymaqla yanaşı, həm də söndürülməsi çətin olan yanğınlara səbəb olurdu. Ermənilər su mənbələrimizi də çirkləndiriblər. Bu su mənbələri müxtəlif mənşəli tullantılarla çirklənib.

Torpaqlarımız azad edilənə qədər şirin su ehtiyatlarımızın böyük hissəsi və kənd təsərrüffatında istifadə edilən sudan əhalimiz, demək olar ki, istifadə edə bilməyib. Buna misal olaraq Sərsəng su anbarını göstərmək olar. Anbara uzun müddət texniki xidmətin göstərilməməsi səbəbindən qəza vəziyyətindədir ki, bu da regionun dağətəyi və Mərkəzi Aran ərazilərində yaşayan 400 min sakin üçün təhlükə yaradırdı.

Ermənilər su sərfiyyatının əhəmiyyətli dərəcədə yüksək olduğu yay aylarında isə illik normanın yalnız 10-15%-i buraxırdı. Bu, axınla üzüaşağı yerləşən kəndlərdə kəskin su çatışmazlığına gətirib çıxarır ki, bu da əkin sahələrinin suvarılması ilə bağlı böyük problemlər yaradır. Nəticədə, kənd təsərrüfatı ziyan çəkir, ekoloji gərginlik yaranırdı. Uzun illər ərzində Ermənistan həm bu qətnamənin tələblərinə, həm də digər beynəlxalq qurumların qərarlarına məhəl qoymurdu.

Dövlətimiz bu su anbarının daimi təhlükə, humanitar, ekoloji və texnogen fəlakət mənbəyinə çevrildiyini dəfələrlə bəyan edib. Torpaqlarımız işğaldan azad edildikdən sonra bu təhlükə aradan qalxıb.

Hazırda işğaldan azad edilmiş ərazilərdə dövlətimiz tərəfindən bərpa-quruculuqla yanaşı flora və faunasının bərpası da aparılır. Belə ki, ərazilərdə geniş yaşıllıqlar salınır, çaylar, bulaqlar, kəhrizlər təmizlənir əraziyə təbiətə müxtəlif heyvanlar buraxılır.

Yazı Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirdiyi “İqlim dəyişikliyi və insan hüquqları” mövzusundakı müsabiqəyə təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti