Bakı. Trend:
İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslanduz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlılarının iştirakı ilə keçirilən "Araz - 2024" birgə taktiki təlimi başa çatıb.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, təlimin əsas mərhələsində qeyri-qanuni silahlı qruplaşmaların yerlərinin, hərəkət istiqamətlərinin və hazırlıq vəziyyətlərinin müəyyənləşdirilməsi məqsədilə bölgə üzərində pilotsuz uçuş aparatları (PUA) tətbiq edilib, radio-elektron mübarizə və radio-elektron kəşfiyyat üzrə fəaliyyətlər icra olunub.
Şərti düşmənin müəyyən edilmiş mövqeləri sərrast artilleriya
atəşi və PUA tətbiq olunması ilə məhv edilib.
Həmçinin düşmənin canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar
hərbi qulluqçular tərəfindən yüksək dəqiqliklə yerinə
yetirilib.
Ümumilikdə təlimin gedişatı və hərbi qulluqçuların peşəkarlığı
yüksək qiymətləndirilib.
Təlimin yekununda fərqlənən bir qrup hərbi qulluqçu təltif
edilib.