Bakı. Trend:
Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Latviya Ticarət və Sənaye Palatası 2025-ci ildə əməkdaşlıq razılaşması imzalamağı planlaşdırır.
Trend xəbər verir ki, bunu AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Bakıda "Azərbaycan-Latviya informasiya və şəbəkə görüşü" mövzusunda keçirilən tədbir çərçivəsində bildirib.
"Azərbaycan və Latviya arasındakı mövcud əlaqələr və tarixi ənənələr, xüsusilə də ixrac-idxal göstəriciləri baxımından, ölkələrimizin potensialını tam əks etdirmir. Bu istiqamətdə ciddi işlər görülməlidir. Şəbəkələşmə və əlaqələrin qurulması məqsədilə keçirilən bu kimi tədbirlər son dərəcə vacibdir", — deyə Y.Abdullayev bildirib.
Tədbirdə Azərbaycan və Latviyadan olan 20-dən çox şirkət iştirak edib. Əsas məqsəd şirkətləri bir-biri ilə tanış etməkdir.
"Biz iri biznes forumlardan daha çox “Networking” formatına üstünlük veririk. Bu, şirkətlərə bir-biri ilə daha çox vaxt keçirmək, əlaqələr qurmaq və potensial əməkdaşlığı müzakirə etmək imkanı verir", — deyə o vurğulayıb.
Y.Abdullayev əlavə edib ki, bu gün keçirilən tədbir çərçivəsində Latviya Ticarət və Sənaye Palatası ilə 2025-ci ildə razılaşma imzalanması barədə razılıq əldə olunub.
"Bu razılaşma çərçivəsində əməkdaşlıq istiqamətlərini müəyyən edən tədbirlər planı hazırlanacaq. Buraya Latviya şirkətlərinin Azərbaycana və Azərbaycan şirkətlərinin Latviyaya cəlb olunması, hər iki ölkənin iqtisadiyyatlarının inkişafı və ixrac-idxal əməliyyatlarının artırılması daxildir. Bizim üçün investisiyaların stimullaşdırılması, texnologiyaların transferi və təcrübə mübadiləsi də mühüm əhəmiyyət daşıyır. Razılaşma 2025-ci ildə imzalanacaq və bu məqsədlə artıq bir neçə tədbir və platforma planlaşdırılıb", — deyə o qeyd edib.