Bakı. Trend:
Tovuzda baş vermiş dəhşətli qəzada ağır xəsarət alan yeniyetmə xəstəxanada ölüb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 27.11.2024-cü il tarixində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2011-ci il təvəllüdlü yeniyetmə (kişi cinsli) saat 20:40 radələrində aqonal vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Başın, döş qəfəsinin, bədənin müxtəlif nahiyələrinin qapalı və açıq zədələnməsi diaqnozu ilə ona zəruri tibbi yardım göstərilib. İxtisaslı tibbi xidmət üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.
Reanimasiya şöbəsində süni tənəffüs aparatı ilə tənəffüs dəstəyi alan yeniyetmənin göstərilən bütün reanimasiyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb",- deyə qurumdan əlavə edilib.
Qeyd edək ki, ağır yol-nəqliyyat hadisəsi gecə saatlarında Bakı-Qazax avtomagistralının Tovuz rayonundan keçən hissəsində qeydə alınıb. Qəza zamanı 5-i hərbçi olmaqla, 6 nəfər hadisə yerində ölüb.