Bakı. Trend:
Naxçıvandan Bakıya və əksinə 50 minə yaxın sərnişinin daşınması həyata keçirilib.
Bunu Trend-ə müsahibəsində Naxçıvan Muxtar Respublikasınının rəqəmsal inkişaf və nəqliyyat nazirinin səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Rahid Ələkbərli deyib.
"Bu ilin doqquz ayında avtobuslarla Naxçıvandan Bakıya və əksinə 50 minə yaxın sərnişinin daşınmasını həyata keçirmişik.
Bu rəqəm ötən il 30 mindən artıq deyildi. Bu, 161% artım deməkdir. Bütün bunlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birgə təşkilatçılığımız sayəsində baş tutub.
Bu proseslər mütəmadi olaraq dörd təşkilat tərəfindən həyata keçirilir. Sərnişin sıxlığı müşahidə edilmir. Həmişə ehtiyatda avtobuslarımız var.
Lazım olanda gündəlik 6-7 reysə qədər də qaldıra bilirik. Amma buna ehtiyac olmur. İnsanlar zamana qənaət etmək üçün daha çox təyyarəyə üstünlük verirlər", - deyə nazir müavini qeyd edib.