...

Prezident İlham Əliyev Azərbaycan Duz İstehsalat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak edib

Siyasət Materials 21 İyul 2010 13:17 (UTC +04:00)
Prezident İlham Əliyev iyulun 21-də Azərbaycan Duz İstehsalat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak edib.
Prezident İlham Əliyev Azərbaycan Duz İstehsalat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak edib

Prezident İlham Əliyev iyulun 21-də Azərbaycan Duz İstehsalat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Mərasimə toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və müəssisə ilə yaxından tanış oldu.

Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif sənaye müəssisələrinin açılışlarında iştirakına dair fotoguşə yaradılmışdır.

Müəssisə ilə tanışlıq zamanı məlumat verildi ki, duzun yodlaşdırılması yolu ilə yod çatışmazlığı xəstəliklərinin ləğv olunmasına dair proqrama uyğun olaraq, 2007-ci ildə "Azersun Holdinq" Azərbaycanda ilk duz rafinasiya zavodunun tikilməsi missiyasını üzərinə götürüb. Bu layihə Azərbaycan İnvestisiya Şirkəti ilə birgə həyata keçirilib.

Yeddi hektar ərazini əhatə edən istehsal müəssisəsinin gündəlik emal gücü 300 ton nəzərdə tutulur. Zavodun iş mexanizmi tamamilə avtomatlaşdırılmış sistem əsasında qurulub. Burada 130-a yaxın işçi çalışacaq.

Diqqətə çatdırıldı ki, duzun daşınması üçün Masazır-Novxanı avtomobil yolundan zavodadək əlavə yol çəkilmiş, torpaq qatını və qurğuları sudan qorumaq üçün sahilboyu bloklar düzülmüşdür.

Zavodun "Azərduz" və "Bizim duz" brendi ilə istehsal etdiyi duz Azərbaycan və dünya bazarına çıxarılacaq.

Prezident İlham Əliyev zavodun məhsullarının nümunələrinə baxdı.

Masazır gölünün mənzərəsini seyr edən dövlətimizin başçısına məlumat verildi ki, ümumi sahəsi 10 kvadratkilometr olan göldə duz iki vəziyyətdə - lay və suyun tərkibində məhlul şəklində mövcuddur. Gölün duz ehtiyatı, təxminən, 1 milyon 735 min tondur.

Konfrans salonunda zavodun maketi və fotoşəkilləri ilə tanışlıqdan sonra, dövlətimizin başçısı kollektivi təbrik etdi, tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti