Azərbaycan, Bakı, 26 mart /Trend/
Brüsseldə Brenart qalereyasında "Dirçəliş" gənclərin sosial və psixoloji reabilitasiyası mərkəzi tərəfindən Azərbaycanın gənc rəssamlarının sərgisi açılıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Brüsseldəki səfirliyindən bildirilib.
Novruz bayramı münasibətilə keçirilən sərgi Azərbaycanın Brüsseldəki səfirliyinin dəstəyi ilə təşkil olunub.
Tədbiri açan səfir Emin Eyyubov təbrik nitqi ilə çıxış edib və qonaqları Novruz bayramının BMT tərəfindən beynəlxalq bayram elan edilməsi haqqında məlumatlandırıb. Eləcə də bu bayramın Azərbaycan xalqının tarixində və mədəniyyətindəki mühüm rolunu qeyd edib. Eyyubov bu sərginin xeyriyyə məqsədlərindən danışıb və təşkilatçıların qərarına uyğun olaraq, şəkillərin satışından əldə olunacaq gəlirin bir hissəsinin Yaponiyada zəlzələdən zərər çəkənlərə yardım fonduna veriləcəyini bildirib.
Daha sonra tədbirdə Belçika Senatının fəxri sədri Ann-Mari Lizen çıxış edib və bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. O, sərgidə iştirak edən gənc rəssamların parlaq əsərləri ilə nümayiş etdirilən Azərbaycan xalqının istedadını vurğulayıb.
Sərginin açılışında iştirak edən Yaponiyanın səfiri Cun Yokota Novruz bayramı münasibətilə Azərbaycan xalqına səmimi təbrikini çatdırıb və təşkilatçılara və gənc rəssamlara Yaponiyada zəlzələdən zərər çəkənlərə göstərdikləri köməyə görə dərin minnətdarlığını bildirib.
Rəsmi hissədən sonra qonaqlar bayram masasına dəvət olunublar, burada onlara Azərbaycan mətbəxinin plov və müxtəlif şirniyyatlar kimi əsas təamları təqdim olunub. Tədbir zamanı Azərbaycan mədəniyyətinə və turizminə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbirdə Belçika ictimaiyyətinin nümayəndələri, diplomatlar, Azərbaycan diasporu və tələbələr iştirak ediblər.