Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir T.Cəfərov/
Novruz bayramının beynəlxalq bayram statusu alması münasibətilə martın 27-də İranda keçirilən ikinci beynəlxalq Novruz mərasimində bayram tədbirlərinin təşkili məqsədilə Tehranda daimi katiblik yaradılacaq. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Novruz bayramının ötən ildən etibarən beynəlxalq bayram statusu alması münasibətilə matın 27-28-də İranda ikinci beynəlxalq mərasim keçiriləcək. Mərasimdə Novruz bayramını qeyd edən 10 ölkənin prezidenti və 25 ölkənin yüksək çinli rəsmiləri iştirak edəcək. Mərasimin rəsmi açılışı sabah yerli vaxtla 17:00-da Tehranın "Vəhdət" sarayında keçiriləcək. Mərasimdə İran prezidenti çıxış edəcək, Novruz bayramı ilə bağlı musiqilər və səhnəciklər nümayişlər olunacaq. Həmçinin Novruz bayramı münasibəti ilə çap olunmuş üç kitabın təqdimatı keçiriləcək.
Martın 28-31-də Azərbaycan, Türkmənistan, Pakistan, Hindistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkiyə, İraq və Gürcüstandan olan incəsənət xadimlərinin iştirakı ilə tədbirlər təşkil ediləcək.
Birləşmiş Millətlər Təşkilatı tərəfindən Novruzun 2010-cu ildən etibarən beynəlxalq bayram statusu alması münasibətilə İranda dövlət səviyyəsində mərasim təşkil edilir. Bununla bağlı Novruz Bayramını qeyd edən ölkələrin dövlət və hökumət nümayəndələri mərasimə dəvət alıblar.
Azərbaycandan İranda keçirilən mərasimdə Baş nazirin müavini Elçin Əfəndiyev iştirak edəcək.