Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir K.Zərbalıyeva/
Sabah dünyanın hər yerində yüz milyonlarla insan yer saatını qeyd edəcək. Bütün qadınlar, kişilər və uşaqlar yerli vaxtla 20:30-da 60 dəqiqə ərzində işıqlarını söndürməklə dünyada baş verənləri dəyişmək istədikləri barədə mesaj göndərəcəklər.
Trend-in məlumatına görə, BMT-nin Bakı nümayəndəliyi bununla bağlı təşkilatın baş katibi Pan Gi Munun müraciətini yayıb. Müraciətdə bildirilir ki, əvvəlki illərdə olduğu kimi, bu il də dünyanın hər yerində BMT qurumları bu aksiyada iştirak edəcək. Nyu-Yorkda hal-hazırda təmir üçün bağlanmış baş qərargah da daxil olmaqla BMT-nin bütün binaları qaranlığa qərq olacaq.
"Bütün dünyada ayrı-ayrı fərdlər, icmalar, firmalar, hökumətlər ümumi gələcəyimiz üçün davamlı yaşayış və yeni texnologiyalar üçün yeni fikirlər ortaya qoyurlar. Sabah, gəlin, dünyanı qorumaq və insanların rifahını təmin etmək məqsədilə birləşək. Gəlin 60 dəqiqəlik qaranlıqdan bütün dünyanın işığa çıxması üçün istifadə edək", - müraciətdə bildirilib.