...

Azərbaycanda məhkumların hüquqları genişləndirilir

Cəmiyyət Materials 24 Sentyabr 2012 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı,24 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda məhkumların saxlanma şəraiti yaxşılaşdırılacaq.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər barədə qanun layihəsi hazırlanıb və parlamentə təqdim olunub.

Layihədə məhkumların telefon danışıqlarının sayının artırılması və telefon danışıqlarına nəzarətin aradan qaldırılması nəzərdə tutulub.

Dəyişikliklərdə müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq hüququna malikdirlər. (Hazırda qüvvədə olan qanuna görə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə bir dəfə, ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslər isə ayda iki dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq hüququna malikdirlər).

Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin telefon danışıqları il ərzində 4 dəfəyə qədər artırılacaq.

Yeni layihədə məhkumların telefon danışıqlarına nəzarət qismənaradan qaldırılıb.

Yalnız cinayət təqibinin, cəzanın icrası prosesində ictimai qaydanın, təhlükəsizliyin və rejim tələblərinin təmin edilməsi, yeni cinayətlərin və digər hüquqpozmaların törədilməsinin qarşısının alınması, onlardan zərərçəkmiş şəxslərin müdafiəsi zərurəti yarandıqda, cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə məhkumların telefon danışıqlarına nəzarət edilir.

İntizam xarakterli hərbi hissədə saxlanılan məhkumların il ərzində telefon danışıqlarının sayı 12-dən 24-ə qədər artırılıb.

Qanun layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti