Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Məftun Salmanov/
Ermənistan Prezidenti Serj Sarkisyan Gümrü şəhərində bir ailənin qətl edilməsi ilə əlaqədar hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə təcili müşavirə keçirib.
Trend-in News.am-a istinadən verdiyi məlumata görə, müşavirədə insidentin qısa müddətdə araşdırılması və günahkarların ciddi şəkildə cəzalandırılmasının zəruriliyi qeyd edilib.
Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.
Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.
Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.