...

Cüdoçumuz Orxan Səfərov Azərbaycana 12-ci gümüş medalı qazandırdı

Baku 2015 : EUROGAMES Materials 25 İyun 2015 20:16 (UTC +04:00)
Cüdoçumuz Orxan Səfərov Bakı-2015 birinci Avropa Oyunlarının cüdo yarışlarının ilk günündə Azərbaycana gümüş medal qazandırıb.
Cüdoçumuz Orxan Səfərov Azərbaycana 12-ci gümüş medalı qazandırdı

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/

Cüdoçumuz Orxan Səfərov Bakı-2015 birinci Avropa Oyunlarının cüdo yarışlarının ilk günündə Azərbaycana gümüş medal qazandırıb.

Trend xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən cüdo yarışlarında Azərbaycanın 60 kq-dək çəki dərəcəsindəki təmsilçisi, 2013-cü ilin dünya çempionatının bürünc mükafatçısı, 2014-cü il Böyük Dəbilqə turnirinin qalibi O.Səfərov finalda Rusiya idmançısı Beslan Mudranovla qarşılaşıb.

Almaniyalı hakimin idarə etdiyi final görüşü bərabər və gərgin mübarizə şəraitində keçib. Lakin görüşün sonunda Rusiya təmsilçisi cüdoçumuzun kürəyini tatami üzərinə vuraraq vaxtından əvvəl ipponla qalib gəlib. Nəticədə Orxan qızıl medalın bir addımlığında büdrəyərək Avropa Oyunlarının gümüş mükafatını əldə edib.

Bu, Azərbaycanın Avropa Oyunlarında qazandığı 12-ci gümüş medaldır. Azərbaycan idmançıları ümumilikdə 44 medal əldə ediblər - 15 qızıl, 12 gümüş, 17 bürünc.

Bu çəki dərəcəsində bürünc medallara İsveçrə təmsilçisi Lüdovik Şammartin və Gürcüstan cüdoçusu Amiran Papinaşvili sahib olublar.

Xatırladaq ki, O.Səfərov finaladək Arif Bağırova (Belarus), Lüdovik Şammartinə (İsveçrə) və Fransisko Qarriqosa (İspaniya) qalib gələrək onları mübarizədən kənarlaşdırmışdı.

Qeyd edək ki, bu gün Avropa Oyunlarının cüdo yarışlarında Azərbaycanın 8 təmsilçisi medal uğrunda mübarizəyə qoşulub. Onlardan yalnız Nicat Şıxəlizadə (-66 kq) yarışların bürünc medalı uğrunda uğrunda görüşə çıxmaq hüququnu əldə edə bilib.

Qadın təmsilçilərimizdən - Leyla Əliyeva(-48 kq), Aişə Qurbanlı (-48 kq), Səkinə Zayirova (-52 kq), Kifayət Qasımova (-57 kq), kişi cüdoçularımızdan İlqar Müşkiyev (-60 kq) və Tərlan Kərimov (-66 kq) isə erkən mərhələlərdə məğlub olaraq mübarizəni dayandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti