...

Hamam hamam içində, xəlbir saman içində..... (FOTO)

Mədəniyyət Materials 24 Aprel 2012 12:13 (UTC +04:00)
Realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, xarakterik epizod rolların məşhur ifaçısı, şirəli və duzlu komediya ustası İsmayıl Osman oğlu Osmanlının bu gün doğum günüdür
Hamam hamam içində, xəlbir saman içində..... (FOTO)

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, xarakterik epizod rolların məşhur ifaçısı, şirəli və duzlu komediya ustası İsmayıl Osman oğlu Osmanlının bu gün doğum günüdür.

Trend-in məlumatına görə, o yaşasaydı bu gün yubiley yaşını 110 illiyini qeyd edəcəydi.

Osmanlı 24 aprel 1902-ci ildə Nuxada (Şəki) kasıb ailədə doğulub. Mükəmməl təhsil görməyib. On bir yaşından yetimliyin acısını dadan gənc İsmayıl Şəki ipək fabrikində, dabbaqxanada... bir qarın çörək üçün olmazın əziyyətlərə qatlaşıb. Təbiətən şux olan, məzhəkələr, duzlu Şəki lətifələri söyləməyi xoşlayan İsmayıl Osmanlı 1920-ci ildə rayondakı Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçən Osmanlı altı il buradakı həvəskarlar teatrında çalışıb. Müəyyən aktyorluq təcrübəsi toplayan aktyor 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə isə Bakıya gələrək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib. İsmayıl Osmanlı dram və faciə janrında xarakterik obrazların, dramatik pyeslərdə yumorlu surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların ifaçısı olub.

Əsas rolları bunlardır: Keçəl Aslan, Fon Hols, Şaliko ("Xanlar", "İnsan" və "Vaqif", Səməd Vurğun), Əmrah ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Şeyx Hadi, Vali, Şakro ("Şeyx Sənan", "Səyavuş" və "Knyaz", Hüseyn Cavid), Munis, Kərim Rəhimli ("Nizami" və "Alov", Mehdi Hüseyn), Əliş ("Qatır Məmməd", Zeynal Xəlil), Nikita Pavloviç ("Qızıl çeşmə", Qurban Musayev), Məşədi Cəfər ("Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Mirzə Qərənfil, Zakir, Əhməd bəy, Xəlil, Qasım ("Xoşbəxtlər", "Aydınlıq", "Küləklər", "Əliqulu evlənir" və "Nişanlı qız", Sabit Rəhman), Mirzə Heydərqulu, Şəkinski, ("Həyat" və "Kəndçi qızı", Mirzə İbrahimov), Koxa Məmməd ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Məşədi Oruc, Hacı Naib ("Ölülər" və "Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Xaspolad, Mirzə Cavad ("Oqtay Eloğlu" və "Aydın", Cəfər Cabbarlı), Kefli Bəşir ("Bahar suları", İlyas Əfəndiyev), Cəbi ("Hacı Qəmbər, Nəcəf bəy Vəzirov), Səfər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Əşrəf ("Türkiyədə", Nazim Hikmət), İsidor Cakeli ("Darıxma, ana!", Nodar Dumbadze), Aleksandrov ("Canlı meyit", Lev Tolstoy), General Berqoyn ("Şəxsi iş", Aleksandr Şteyn), Baş senator, Feste, Gilderstern ("Otello", "On ikinci gecə" və "Hamlet", Vilyam Şekspir), Krutitski, Tixon və karandışev ("Müdriklər", "Tufan" və "Cehizsiz qız", Aleksandr Ostrovski).

İsmayıl Osmanlı "Azərbaycanfilm"in istehsal etdiyi "Kəndlilər" (Daxili işlər naziri), "Bir məhəlləli iki oğlan" (Mahmud), "O olmasın, bu olsun" (Rza bəy), "Həqiqi dost" (Usta Şirəli), "Yenilməz batalyon" (Yusif), "Mən ki gözəl deyildim" (Poçt müdiri), "26-lar" (Şahbazov), "Ulduzlar sonnıür" (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi" (Nəimi), "Tütək səsi" (Poçtalyon), "Yeddi oğul istərəm" (Kələntər) və sair filmlərdə çəkilib.

İsmayıl Osmanlı 4 may 1940-cı iidə Azərbaycan Respublikasının əməkdar artisti, 21 iyul 1949-cu ildə xalq artisti, 1 avqust 1974-cü ildə SSRt xalq artisti fəxri adları ilə təltif olunub. 22 iyun 1978-ci ildə vəfat edib.

Məzarı Fəxri xiyabandadır. İsmayıl Osmanlı ilk növbədə epizod xarakterlər ustasıydı. Ən kiçik epizodda da səhnəyə çıxanda salona canlılıq, xoş ovqat və çox cazibəli, könül oxşayan səmimiyyət bəxş edirdi. Xalq gülüşünün bütün vasitələrindən səmərəli yaradıcılıqla barınırdı. Obrazın danışığındakı sözlərin yumor, satira və məsxərə şirəsmi hərəkətlərlə paralel verməklə rola psixoloji təsir, həyatilik və təbiilik gətirirdi. Çeşidli ifadə vasitələrini obrazın dramatizmınə sərf edir, yaradıcılığının mayasında olan təbii yumoru inandırıcı səmimiyyətlə tamaşaçıya çatdırmağı ustalıqla bacarırdı.

Xəbər lenti

Xəbər lenti