...

Bülbülün anadan olmasının 115 illiyinə həsr olunmuş müsabiqə keçiriləcək

Mədəniyyət Materials 12 Oktyabr 2012 17:51 (UTC +04:00)
2012-ci il 22-25 oktyabr tarixində ölkədə gənc istedadların aşkara çıxarılması, onların professional inkişafının dəstəklənməsi, ifaçılıq sənətinin inkişafı məqsədilə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin təşkilatçılığı ilə Azərbaycanın məşhur opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, SSRİ xalq artisti, Azərbaycan professional vokal məktəbinin banisi Bülbülün 115 illik yubileyinə həsr olunmuş musiqi festivalı və bu festival çərçivəsində milli musiqi alətləri ifaçılarının və xanəndələrin müsabiqəsi keçiriləcək.
Bülbülün anadan olmasının 115 illiyinə həsr olunmuş müsabiqə keçiriləcək

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

2012-ci il 22-25 oktyabr tarixində ölkədə gənc istedadların aşkara çıxarılması, onların professional inkişafının dəstəklənməsi, ifaçılıq sənətinin inkişafı məqsədilə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin təşkilatçılığı ilə Azərbaycanın məşhur opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, SSRİ xalq artisti, Azərbaycan professional vokal məktəbinin banisi Bülbülün 115 illik yubileyinə həsr olunmuş musiqi festivalı və bu festival çərçivəsində milli musiqi alətləri ifaçılarının və xanəndələrin müsabiqəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, 3 yaş qrupu üzrə keçiriləcək (I qrup 10-13 yaş, II qrup 13-16 yaş, III qrup 16-20 yaş) müsabiqə 2 mərhələdən ibarət olacaq. Müsabiqənin yekun konsertinin oktyabr ayının 27-də Beynəlxalq Muğam Mərkəzində təşkil olunması nəzərdə tutulur.

İştirakçıların tar, kamança, qanun alətləri ifaçılığı üzrə I mərhələdə çıxış proqramına texniki əsər - Etüd və 5-7 dəqiqə həcmində Muğam kompozisiyası, II mərhələdə biri mütləq şəkildə F.Əmirov yaradıcılığından olmaqla 2 əsər daxil edilməlidir. Qeyd edək ki, F.Əmirov yaradıcılığına mütləq müraciət təsadüfi deyil, çünki 2012-ci il Azərbaycanın görkəmli bəstəkarı F.Əmirovun anadan olmasının 90 ili tamam olur.

İştirakçıların balaban aləti ifaçılığı üzrə I mərhələdə çıxış proqramına 1 bəstəkar əsəri və 1 rəqs, II mərhələdə bir əsər və 5-7 dəqiqə həcmində Muğam kompozisiyası, xanəndələr üçün tələbata I mərhələdə eynilə Muğam kompozisiyası, II mərhələdə bir xalq və bir bəstəkar mahnısı daxil olunmalıdır. Qeyd edək ki, müsabiqəyə daxil olacaq ifaçı repertuarı üçün seçilməyə məqsədəuyğun əsərlər vardır ki, bunlar aşağıdakılardır: tar aləti ifaçıları üçün - F.Əmirovun "Min bir gece" baletindən "Orgiya", V.Adıgözəlovun "Qərənfil", kamança aləti ifaçıları üçün - F.Əmirovun "Mən səni araram", S.Ələsgərovun "Tarantella", qanun aləti ifaçıları üçün - A.Gərayın "Tarantella", balaban aləti ifaçıları üçün - "Çoban Qara", Ü.Hacıbəylinin "Aşıqsayağı", "Sevgili canan", S.Kərimovun "Gecələr"; xanəndələr üçün - F.Əmirovun "Sevdiyim yardır mənim", "Kor ərəbin mahnısı", "Azərbaycan elləri", "Gülərəm gülsən", "Mən səni araram", xalq mahnılarından "Gözəlim sənsən", "Küçələrə su səpmişəm", "Evləri var xana-xana", "Aç xurcunu", "Aman nənə", "Ay dili -dili", "Yaylıq", "Süsən Sünbül", "Ay Laçın".

115 illiyi qeyd olunan görkəmli vokal ifaçısı Bülbül Azərbaycan musiqisinin təməlinin qoyulduğu dövrdə, professional bəstəkarlıq məktəbimizin banisi Ü.Hacıbəyli ilə bərabər addımlamış, musiqili teatrın yaranmasında böyük rolu olmuş şəxsiyyətlərdəndir. Təsadüfi deyil ki, səhnə fəaliyyətinin ilk illərində o zamanlar Birləşmiş Dövlət Teatrının opera truppasının solisti kimi Ü.Hacıbəylinin bəstələdiyi Şərqin ilk operası - "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) əsərlərində çıxış edib. Bülbül xaricdə təhsil almış ilk Azərbaycanlı vokalçı olub, İtaliyanın Milan şəhərindəki konservatoriyanı bitirib, İtaliyanın "Qaribaldi ulduzları" ordeninə layiq görülüb.

Dahi müğənninin Azərbaycan musiqisinin inkişafındakı xidmətləri danılmazdır. O, Azərbaycan Dövlət Konservatoriyası nəzdində xalq musiqisini öyrənən Elmi -Tədqidat Musiqi Kabinəsi yaradıb, uzun illər Üzeyir bəyin başladığı işi - xalq musiqimizin tədqiqini davam etdirib. Bülbül Ü.Hacıbəylinin yaratdığı ilk klassik Azərbaycan operası "Koroğlu"da baş rolun, Azərbaycan musiqisinin ilk romans -qəzəlləri "Sənsiz" və "Sevgili canan"ın, A.Zeynallının yazdığı ilk Azərbaycan romansı "Ölkəm"in ilk ifaçısı olub. Onun ifaçılığındakı ən vacib cəhət - Azərbaycan xalq motivlərinin italyan klassik opera ifaçılığı ənənələri ilə birləşdirilməsindən ibarətdir. Azərbaycan musiqisində simfonik muğam janrının yaradıcısı - F.Əmirova bu ideya məhz Bülbül tərəfindən verilib və böyük bəstəkar əsəri yazarkən muğam bilicisi Bülbülün məsləhətlərindən bəhrələnib.

Bülbülün musiqi təhsili sahəsindəki önəmli rolu da mütləq qeyd olunmalıdır. Belə ki, o, xalq çalğı alətləri - tar, kamança, balaban ifaçılığı üzrə dərs vəsaiti yaratmış ilk musiqiçidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti