...

Rəşad Məcid: Biz bu soyuq otaqlarda da özümüzü rahat hiss edirik

Mədəniyyət Materials 16 Noyabr 2012 10:48 (UTC +04:00)
Azərbaycanın ilk müstəqil qəzetlərindən biri olan "525-ci qəzet" noyabrın 17-də 20 yaşını qeyd edəcək. Artıq ikinci onilliyini deyil, 25 illiyini təntənəli keçirmək istəyən "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Trend-ə açıqlamasında bu günü qurur hissi ilə qeyd etdiyini deyir.
Rəşad Məcid: Biz bu soyuq otaqlarda da özümüzü rahat hiss edirik

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın ilk müstəqil qəzetlərindən biri olan "525-ci qəzet" noyabrın 17-də 20 yaşını qeyd edəcək. Artıq ikinci onilliyini deyil, 25 illiyini təntənəli keçirmək istəyən "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Trend-ə açıqlamasında bu günü qurur hissi ilə qeyd etdiyini deyir.

"Səmimi ürək sözlərini demək, göndərmək istəyənlər üçün qəzetimizin səhifələri açıq olacaq. Amma yəqin "525"-in veteranları ilə 20 illik yubileyi sakit şəkildə qeyd etməkdən də vaz keçməyəcəyik", - Məcid əlavə edib.

Onun sözlərinə görə, qəzetin səhifələrində heç vaxt yalanlara, şayiələrə yer verməyiblər, qəzetin daha səviyyəli şəkildə oxuculara təqdim edilməsinə çalışıblar.

"Qürur duyuram ki, ölkənin bir neçə nəsil ədəbi-mədəni, ictimai-siyasi elitası "525"-i öz qəzeti hesab edir. Bu gün "525"-in yetirmələrinə hər yerdə rast gəlmək mümkündür. Beynəlxalq təşkilatlardan tutmuş dövlət orqanlarına, ictimai təşkilatlara, TV-lərədək ilk addımlarını "525"-də atmış yüzlərlə tanınmış, özünü təsdiqləmiş şəxs var. Mənim bu iyirmi ildə gəldiyim qənaət budur ki, bir insan öz sevdiyi, bacardığı işlə əzmlə, yorulmadan, tələsmədən məşğul olursa, mütləq qiymətini alır, təsdiqini tapır. Bu 20 ildə çox şeylər etdik. Oxucular üçün təzə hava, geniş pəncərə, gücümüz azalanda nəfəslik ola bildik", - Məcid əlavə edib.

İndiyədək ofislərinin olmamasına da təəssüflənən baş redaktor deyir ki, 15 ildən artıqdır, tanınmış yazıçı Afaq Məsudun rəhbərlik etdiyi Tərcümə Mərkəzində fəaliyyət göstərirlər.

"Bəlkə bir az kədərlidir ki, bu illərdə "525"-in öz normal ofisi olmadı, qəzet bazarı formalaşmadı, qəzetlərimiz biznes strukturuna çevrilə bilmədi. Amma biz bu təmirsiz, soyuq otaqlarda da özümüzü isti, təmirli ofislərdən daha rahat hiss edirik", - baş redaktor deyib.

Trend kollektivi olaraq "525-ci qəzet"in kollektivini yubiley bayramı münasibətilə təbrik edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti