Azərbaycan, Bakı, 28 may /Trend/
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə "Çox mədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil ediləcək mədəni tədbirlər sırasında "Dünyanın Musiqi Filmləri Turu" proqramı da yer alıb.
Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, proqrama daxil olan dünya xalqlarının etnik və ənənəvi musiqisinə həsr olunan filmlər Azərbaycanla yanaşı, Almaniya, İspaniya, Fransa, Hindistan, Bolqarıstan, Əfqanıstan, Böyük Britaniya, ABŞ, Mərakeş, Meksika və başqa ölkələrdə çəkilib. Film nümayişlərinə adıçəkilən ölkələrin kino və musiqi ustalarının birgə məhsulu olan audiovizual əsərlər daxil edilib.
Dənizkənarı Milli Parkda istirahət edən şəhər sakinləri 28 may-1 iyun tarixlərində, saat 21:00-dan 23:30-dək açıq səma altında qurulmuş böyük ekranda Argentina tanqosu, Balkan yarımadasındakı dövlətlərdə yayılmış türk musiqisi, ənənəvi ərəb musiqisi, Alim Qasımovun ifasında Azərbaycan muğamı və bir çox başqa xalqların folklor musiqisi nümunələri ilə tanış olmaq imkanı qazanacaqlar.