...

Budapeştdə gənc Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılıb (FOTO)

Mədəniyyət Materials 15 May 2014 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend/

Budapeştin məşhur "Koqart" qalereyasında gənc Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılıb.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təşkil olunan sərgidə 29 rəssamın 135 işi nümayiş etdirilir. Sərgi səfirliyin dəstəyi ilə "Dirçəliş" Gənclərin Sosial Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən təşkil olunub.

Ekspozisiyaya daxil olan müxtəlif janrlı əsərlər bundan əvvəl Avropanın bir sıra mühüm mədəniyyət mərkəzlərində - Parisdə, Brüsseldə, Vyanada, Praqada nümayiş etdirilib və böyük tamaşaçı marağı qazanıb.

Sərginin açılış mərasimində Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, "Dirçəliş" Gənclərin Sosial Psixoloji Mərkəzinin direktoru İslam Baxşəliyev, "Koqart" qalereyasının icraçı direktoru sənətşünas Katalin Hazi çıxış ediblər. Milli rəssamlıq sənətinin min illik tarixə malik miniatür ənənələrinə əsaslandığını qeyd edən V.Quliyev təxminən son 150 il ərzində professional Azərbaycan rəssamlığının böyük inkişaf yolu keçdiyini, rəssamlarımızın öz əsərləri ilə dünya miqyasına çıxdıqlarını, öz əsərlərində Şərq və Qərb ənənələrini məharətlə sintez etdirdiklərini bildirib.

Gənc rəssamların sərgisinin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmasının tamamilə təbii və qanunauyğun olduğunu bildirən səfir onun ölkəyə rəhbərlik etdiyi dövrdə mədəniyyətin digər sahələri ilə birlikdə rəssamlıq sənətinin də böyük inkişaf yolu keçdiyini əyani misallarla tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sərgi yalnız mədəni deyil, həm də xeyriyyəçilik məqsədi daşıyır. Müəlliflərin razılığı ilə burada satılan əsərlərdən toplanan vəsaitin 25 faizi Heydər Əliyev Fondunun dəstəyi ilə Budapeştdə inşa olunan "Əlil uşaqlar üçün Laslo Battani Roma katolik evi, uşaq bağçası və ibtidai məktəb" kompleksinin fonduna köçürüləcək.

Tamaşaçıların böyük marağını qazanan sərgidə sənət adamları, diplomatik korpusun nümayəndələri, Macarıstandakı Azərbaycan diasporunun üzvləri və azərbaycanlı tələbələr iştirak ediblər.

Sərgi 3 gün müddətində tamaşaçıların üzünə açıq olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti