Azərbaycan, Bakı, 11 iyul /Trend/
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyada 65-ci Dubrovnik yay festivalında və "Xorvatiya Forumu"nda iştirak edir.
Mədəniyyət və Turizm Nazirliyində Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Ə.Qarayev ilə Xorvatiyanın turizm naziri Darko Lorencin arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri müzakirə edilib və birgə bələdçi kitablarının nəşri haqqında razılıq əldə olunub.
Nazir Ə.Qarayev Xorvatiyanın mədəniyyət naziri Andrea Zlatar Violiç ilə də görüşüb.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq proqramı imzalanıb. Proqram çərçivəsində iki ölkə arasında mədəniyyət və incəsənət, kitabxana, əsərlərin tərcüməsi sahələrində əməkdaşlığa dair razılıq əldə olunub.
Azərbaycan nümayəndə heyəti 65-ci Dubrovnik yay festivalının açılış mərasimində də iştirak edib.
Səfər iyulun 11-də başa çatacaq.