Bakı. Trend:
“William Grant & Sons” şirkətinin “The Balvenie Master of Craft Azerbaijan” adlı unikal layihəsi çərçivəsində Bakıda azərbaycanlı fotoqraf Elmar Mustafazadənin əl işi ilə məşğul olan ustalara həsr olunmuş fotosərgisi keçiriləcək.
Trend-in məlumatına görə, sərginin təşkilatçısı qismində əl ilə hazırlanan “The Balvenie” viski brendi çıxış edəcək.
Tədbirdə fotoqrafın Azərbaycanın Gəncə, Şamaxı, İsmayıllı, Zaqatala, Göygöl kimi şəhər və rayonlarında yaşayan və əl işi ilə məşğul olan görkəmli sənətkarları nümayiş edən 15 işi təqdim olunacaq. Eyni zamanda, məhz sərgidə iştirak etmək məqsədilə Bakıya müxtəlif rayonlardan təşrif buyurmuş bir neçə sənətkarın əl işləri də nümayiş etdiriləcək. Belə ki, tədbirdə fotoşəkillərlə yanaşı dulusçu, dəmirçi, şəbəkə və silah ustaları, dülgər, düyü halvası və simli musiqi alətləri hazırlayan ustaların əl işlərini görmək mümkün olacaq.
Fotoqraf E.Mustafazadə qeyd edib: “Azərbaycanda peşə sənətinin irsini və ənənələrini dəstəkləyən “The Balvenie” brendi ölkəmizin müxtəlif regionlarından 15 görkəmli sənətkarın hekayəsini toplayıb. Bu, mənim ilk fərdi sərgimdir və bu səbəbdən mən tədbir təşkilatçılarına təşəkkürümü bildirirəm. Gələcəkdə “The Balvenie Master of Craft Azerbaijan” layihəsi çərçivəsində fəaliyyətimi davam etdirmək və layihənin coğrafiyasını genişləndirmək məqsədilə Azərbaycanın digər regionlarında səyahətlərə daha çox zaman ayırmaq istərdim”.
”Master of Craft Azerbaijan” layihəsi “The Balvenie” viskisinin istehsalının hər bir mərhələsində əl işinin mövcudluğunu əks etdirir. Layihə çərçivəsində keçiriləcək sərgi tədbir iştirakçılarını fotoqraf Elmar Mustafazadənin və keçmişin texnologiyaları ilə möhtəşəm nümunələr yaradan ustaların əl işləri ilə tanış edəcək. Bütün təqdim olunmuş işlər əl ilə hazırlanıb.
“The Balvenie”nin brend səfiri Dmitri Çerkaşın bildirib: “Əl ilə məhsullar hazırlayan sənətkarlarla birgə tədbirlər təşkil etmək “The Balvenie” viski brendi üçün artıq gözəl ənənəyə çevrilib. Sözügedən tədbirin məqsədi – “The Balvenie” brendinin əl əməyindən ortaya gəldiyini nümayiş etməkdir. Şadam ki, belə tədbirlərin təşkilatçısı kimi çıxış edirik. Əl əməyini qiymətləndirin – bu, möhtəşəmlik yaratmaq üsuludur”.
“Four Seasons” hotelində oktyabrın 7-də saat 19:00 keçiriləcək tədbirin iştirakçıları 12 illik “The Balvenie DoubleWood” viskisinin dadına baxmaq imkanı əldə edəcəklər.
“William Grant & Sons Ltd” — şotland viskisi və digər tünd alkoqollu içkilər istehsal edən müstəqil şotland ailə müəssisəsidir. Azərbaycanda istehsalçı növbəti brendlərlə təmsil olunur: “Glenfiddich”, “The Balvenie”, “Tullamore D.E.W.”, “Grant's”. Azərbaycanda brendin rəsmi distributoru “Qafqaz Industry” şirkətidir. Əlavə məlumatı www.williamgrant.com internet səhifəsində əldə etmək olar.