Bakı. Trend:
Oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək.
Teatrdan Trend-ə verilən məlumata görə, tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Alyona Kovalyova (Odetta-Odilliya) və Yakopo Tissi (Şahzadə Ziqfrid) ifa edəcəklər.
Rusiyalı balet ustaları ilə bərabər tamaşada teatrımızın solistləri - Respublikanın Xalq artisti Gülağası Mirzəyev, əməkdar artistlər - Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, aparıcı solistlər Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova və s. iştirak edəcək və solo partiyalar və rəqslər ifa edəcəklər.
Tamaşanı Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.