...

Astanada görkəmli bəstəkar Qara Qarayevin 100 illiyi qeyd edilib (FOTO)

Mədəniyyət Materials 25 Oktyabr 2018 15:09 (UTC +04:00)
Qazaxıstanın paytaxtı Astanada görkəmli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.
Astanada görkəmli bəstəkar Qara Qarayevin 100 illiyi qeyd edilib (FOTO)

Bakı. Trend:

Qazaxıstanın paytaxtı Astanada görkəmli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, konsert proqramı TÜRKSOY-un təşkilatçılığı və Azərbaycanın Qazaxıstandakı səfirliyinin, Astana şəhər Akimliyinin (qubernatorluğu) dəstəyi ilə reallaşıb.

Əvvəlcə görkəmli bəstəkara həsr edilmiş “Bu həqiqətin səsidir” sənədli film nümayiş olunub. Filmdə dahi bəstəkarın həyat və yaradıcılığı, eləcə də keçdiyi ömür yolundan bəhs olunur.

Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov vurğulayıb ki, bu musiqi axşamı təkcə Qara Qarayevin 100 illiyi şərəfinə təşkil edilən mərasim deyil, eyni zamanda, Azərbaycan və Qazaxıstanın tarixində iz qoymuş görkəmli mədəniyyət xadimlərinin xatirəsinə ehtiramın nümunəsidir.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar Zeynalov yaradıcılığı boyu opera, balet, simfonik və orkestr musiqisi, kantata, uşaqlar və filmlər üçün musiqilər də daxil olmaqla, 110 musiqi əsəri yaradan Q.Qarayevin yüksək fərdi üsluba malik bəstəkar olduğunu deyib. Bildirib ki, harmoniya və melodik xüsusiyyətləri ilə zəngin olan əsərlərin müəllifi olan bəstəkarın xatirəsi həsr zaman ürəklərdə yaşayır. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Qara Qarayevin 100 illiyi ölkəmizdə və müxtəlif xarici ölkələrdə silsilə tədbirlərlə qeyd olunur.

Çıxışlarda vurğulanıb ki, Qara Qarayevin yaradıcılıq irsi musiqinin bütün janrlarını əhatə edir və onun əsərləri dünya musiqi mədəniyyətinin xəzinəsinə daxildir. Qara Qarayevin yaradıcılığı Azərbaycana və bütün dünyaya məxsusdur. Çünki o, yaradıcılığında müxtəlif xalqlara, müxtəlif zamanlara müraciət edib.

Sonra konsert proqramı təqdim olunub. Mustafa Mehmandarov və Murtuza Bülbülün dirijorluğu ilə Astana Akimliyi yanında Dövlət Akademik Filarmoniyasının müşayiət etdiyi konsertin bədii rəhbəri Berik Batırxandır.

Konsert çərçivəsində qonaqlar Q.Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri, “Leyli və Məcnun” simfonik poemasını dinləyiblər.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti