...

Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş konsert keçirilib

Mədəniyyət Materials 31 Yanvar 2019 08:45 (UTC +04:00)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert dahi bəstəkar Fikrət Əmirovun yaradıcılığına həsr olunub.

Trend-in məlumatına görə, tədbir Azərbaycan Televiziyası və Radiosu “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Konsertdə bəstəkarın mahnılarını xalq artistləri - Teyyub Aslanov “Şeyx Sənan” dramasından “Kor Ərəbin mahnısını”, Samir Cəfərov “Gülərəm gülsən”, Əməkdar artistlər - Zakir Əliyev “Gülür ellər”, Rəşad İlyasov “De görüm neyləmişəm”, Bəyimxanım Vəliyeva “Mən səni araram”, Arzu Əliyeva “Bir gül dərdim”, Azərbaycan Televiziyası və Radiosunun solistləri – Ayşən Mehdiyeva “Böyük dayaq” k/f-dən “Pərişanın mahnısını”, Zabitə Əliyeva “Gözəlim sənsən”, Sərxan Bünyadzadə “Səhər” k/f-dən “Aslanın mahnısını” və xanəndə Könül Məmmədli “Toy mahnısı” mahnılarını ifa etdilər.

Konsertin son nömrəsi olan “Reyhan” mahnısı Arzu Əliyeva, Bəyimxanım Vəliyeva və Ayşən Mehdiyevanın ifasında səsləndi.

İfaçıları Xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edirdi.

Tədbirin aparıcısı əməkdar artist Rəşad İlyasov idi. Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti