...

Azərbaycan ABŞ-ın ən böyük turizm sərgisində təmsil olunub (FOTO/VİDEO)

Mədəniyyət Materials 19 Fevral 2019 19:12 (UTC +04:00)
Azərbaycan ABŞ-ın ən böyük turizm sərgisində təmsil olunub.
Azərbaycan ABŞ-ın ən böyük turizm sərgisində təmsil olunub (FOTO/VİDEO)

Bakı. Trend:

ABŞ-ın Los Anceles şəhərində keçirilən “Los Anceles Səyahət və Macəra” adlı beynəlxalq turizm sərgisində Azərbaycan geniş təmsil olunub. Bu barədə Trend-ə Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan məlumat verilib.

Qeyd edək ki, təxminən 30 mindən çox ziyarətçinin qatıldığı bu sərgi ABŞ-da ən böyük turizm sərgisidir.

Baş konsulluq tərəfindən qurulmuş Azərbaycan stendində ölkəmiz haqqında müxtəlif bannerlər, broşürlər, kitab və jurnallar vasitəsilə sərgi iştirakçılarına geniş məlumat verilib. Sərgi iştirakçıları ölkəmizin coğrafi mövqeyi, tarixi, dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələri, turizm imkanları, eyni zamanda, zəngin mədəniyyəti və mətbəxi barədə ətraflı məlumat əldə ediblər.

Həmçinin stenddə quraşdırılmış monitorda Azərbaycanın müxtəlif gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilib. Bundan başqa, Los Ancelesdə yaşayan Azərbaycan diaspor fəallarının nümayiş etdirdikləri milli geyimlərimiz, milli mətbəximizdən nümunələr sərgi ziyarətçilərində xüsusi maraq oyadıb.

Sərgi iştirakçılarının Azərbaycan və onun turistik mərkəzləri ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Stenddə quraşdırılmış, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu göstərən “Qarabağ – Azərbaycanın Zinət Tacı” (Karabakh – Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusi diqqətini cəlb edib. Bannerdə Qarabağın füsunkar təbiəti ilə yanaşı, Qarabağ atı, xalçası, mətbəxi, Şuşa Qalası, Gövhərağa Məscidi, Gəncəsər Alban Kilsəsi kimi qədim memarlıq abidələri, eləcə də Qarabağ muğam məktəbinin şəkilləri əks olunub.

Həmçinin Baş konsulluq tərəfindən yuxarıda sadalananlar daxil olmaqla, Qarabağa dair müvafiq kitabça dərc olunaraq sərgi iştirakçıları arasında paylanılıb. Kitabçada Qarabağın əzəli Azərbaycan torpağı olması barədə məlumat verilməklə yanaşı, Azərbaycanın bu ərazisinin Ermənistan tərəfindən işğal edildiyi qeyd olunur və işğal olunmuş ərazilərə səfərlərin qanunsuz xarakter daşıdığı vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti