...

Yunus Oğuzun yeni tarixi romanının təqdimatı oldu (FOTO)

Mədəniyyət Materials 4 İyul 2019 18:07 (UTC +04:00)
Yazıçı-publisist, dramaturq, tarixçi-alim Yunus Oğuzun "Səfəvi Şeyxi" adlı tarixi romanının təqdimatı keçirilib.
Yunus Oğuzun yeni tarixi romanının təqdimatı oldu (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına ədəbiyyat İnstitutunda yazıçı-publisist, dramaturq, tarixçi-alim Yunus Oğuzun "Səfəvi Şeyxi" adlı tarixi romanının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Habibbəyli açaraq Yunus Oğuzun çağdaş Azarbaycan ədəbiyyatındakı mövqeyindən danışıb. Onun son illərdə çap olunan tarixi romanlarının ədəbi ictimaiyyətdə doğurduğu əks-səda haqqında fikirlərini bölüşüb. Yeni çap olunan "Səfəvi Şeyxi" adlı tarixi romanın da ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılanacağına ümid etdiyini bildirib.

Sonra AMEA-nin müxbir üzvü Tehran Əlișanoğlu "Yunus Oğuzun romançılığı: tarixdən belletristikaya" mövzusunda məruzə ilə çıxış edib. Ardınca filologiya üzrə fəlsəfə doktorları Nərgiz Cabbarlı, Lalə Hasonova və Elnarə Qaragözova kitab haqqında danışıblar.

Daha sonra Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Milli Məclisin deputatı, professor Elman Nəsirov, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Yunus Oğuzun “Səfəvi Şeyxi” romanının məziyyətlərindən bəhs ediblər.

Vurğulanıb ki, Yunus Oğuzun qəhrəmanları tarixdən gəlsələr də, onların arzuları, ideyaları bu günümüzlə səsləşir. Yazıçı Azərbaycan tarixinin auditoriyaya çatdırılmasında çox uğurlu bir yol seçib. Akademik kitablar tarixi faktlarla yüklü oduğundan onları qavramaq çətin olur. Amma Yunus Oğuzun tarixi romanlarında tarix anlaşıqlı, rəvan bir bədii dillə təqdim olunur. Onun əsərlərində tarixə yeni və fərqli yanaşma var.

Millət vəkili, akademik Nizami Cəfərov jurnalistlərə açıqlamasında bildirib ki, Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı xüsusi bir hadisədir: "Yunus Oğuzun bu romanı Səfəvilər hakimiyyətinin yaranması tarixinin dinamikasını, bu tarixin hansı mərhələlərdən keçdiyini və mahiyyətini əks etdirir. Roman nə qədər tarixidirsə, bir o qədər də fəlsəfidir. Səfəvilər dövrü barədə Azərbaycan bədii ədəbiyyatında xeyli yazılsa da, Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı xüsusi bir hadisədir və tamamilə orijinal əsərdir".

Sonda müəllif Yunus Oğuz tədbirin təşkili üçün əziyyəti keçən, mərasimdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti