Bakı. Trend:
Azərbaycanda ilk dəfə görkəmli şair M.Ə.Sabirin “Hophopnamə” kitabının audio versiyası hazırlanıb.
Trend-in məlumatına görə, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Mirzə Ələkbər Sabir Fondu tərəfindən həyata keçirilib.
Audio kitabın hazırlanmasında Bakı Dövlət Universitetinin SABAH qrupu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Humanitar Kolleci, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası və digər təhsil ocaqlarının bakalavr və magistrləri, ASAN xidmət könüllüləri, eləcə də fiziki məhdudiyyətli gənclər yaxından iştirak ediblər.
Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında ictimaiyyətə və mətbuata təqdimat tədbiri təşkil olunub. Tədbirdə ziyalılar, ictimai fəallar, tələbələr, müəllimlər, müxtəlif peşə sahibləri, yaşından asılı olmayaraq sabirsevərlər və s. iştirak ediblər.
Tədbirdə layihənin rəhbəri və Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli çıxış edərək mütaliənin sosial dəyəri olan insanın yüksək mənəvi keyfiyyətlərinin formalaşmasında mühüm amil olduğunu və müasir insanın daha çox electron bazalardan yararlanma marağına köklənən yeni həyat şərtlərinin audio kitabların daha çox olmasını diktə etməsi barədə söz açdı.
Audio kitabların bütün məhdudiyyətləri (zaman, fiziki, maddi, oxuya bilməməkvə s.) aşaraq hər kəs üçün əlçatarlığa imkanlar yaratmasından, elektron vasitələrdə yayımlanan, bəzən hətta heç bir əsası olmayan, bəzən də təhlükəli xarakter daşıyan məlumatlara qarşı, audial mütaliə üçün xeyli rahatlıq yarada bilən səsli kitabların cəmiyyətin daha sağlam ruhlu nümayəndlərinin yetişməsi üçün əvəzsiz bir töhvə olmasını vurğulamış və bu qədər mühüm məna kəsb edən bu layihənin həyata keçməsinə şərait yaradan Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz minnətdarlığını bildirmişdir.Tədbirdə gənclərin ifa etdikləri şeirlərdən bəziləri səsləndirilmiş, eləcə də audio kitabın hazırlıq mərhələsini əks elətdirən video çarx nümayiş etdirilib.
Sonra çıxış üçün söz Bakı Humanitar Kollecinin dərs hissə müdiri Afaq Əliyevaya, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsi dekan müavini Pəri Paşayevaya, əməkdar müəllim Zülfiyyə Vəliyevaya, ASAN Xidmətin rəsmisi Cahangir Hacıyevə, BDU-nun professor İradə Hüseynovaya, şair-publisist Fəxrəddin Meydanlıya söz verilib.
Tədbirdə layihə iştirakçılarına mükafatlar təqdim edilmiş, M.Ə.Sabirin “Hophopnamə” , S.Tahirlinin “Qanımızın səsi” kitabları hədiyyə olunub.