...

Heydər Əliyev Mərkəzində məşhur kubalı cazmen Alfredo Rodrigezin füsunkar konserti oldu (FOTO/VİDEO)

Mədəniyyət Materials 5 İyul 2023 12:45 (UTC +04:00)
Heydər Əliyev Mərkəzində məşhur kubalı cazmen Alfredo Rodrigezin füsunkar konserti oldu (FOTO/VİDEO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev Mərkəzində "Premier LTD" agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən "Beynəlxalq Bakı Yay Caz Günləri" çərçivəsində məşhur kubalı cazmen Alfredo Rodrigezin füsunkar konserti baş tutub.

Trend Life xəbər verir ki, 5-ci "Bakı Yay Caz Günləri" çərçivəsində (3-7 iyul) Azərbaycan, Türkiyə, Kuba, İsrail, Fransa və Rusiyanın məşhur sənətkarları çıxış edirlər. Festival həm müxtəlif mədəniyyət mərkəzlərində, həm də açıq meydanlarda təşkil olunur ki, bu onları daha geniş auditoriya üçün əlçatan edir. Bu isə festivalın əsas məqsədinə - caz musiqisinin daha geniş təbliğinə xidmət edir.

Caz həvəskarları üçün əsl hədiyyə Bakıda məşhur caz pianoçusu, janrın korifeyi Kuinsi Consun komandasından "Gremmi" mükafatının nominantı Alfredo Rodrigesin dünya turnesi çərçivəsində Migel Ximenes (bas gitara) və Maykl Oliver (zərb alətləri) ilə triosunun çıxışı oldu. Parlaq konsert proqramı caz həvəskarlarına müəllif kompozisiyaları və dinamik improvizasiyalarının olduğu möhtəşəm musiqi gecəsi bəxş etdi.

Alfredo Rodriges Trend-ə müsahibəsində Azərbaycana ilk dəfə gəldiyini vurğulayaraq Heydər Əliyev Mərkəzinə heyranlığını dilə gətirib.

"5-ci "Bakı Yay Caz Günləri"ndə çıxış etməkdən məmnunluq duyuruq və bu mənim yaradıcılıq həyatımda ən parlaq hadisələrdən biridir. Xüsusən vurğulamaq istərdim ki, dünyanın heç bir yerində Heydər Əliyev Mərkəzi kimi əzəmətli tikinti görməmişəm və bu səhnədə çıxış etmək bizim üçün böyük şərəfdir. Musiqi, xüsusən qəbdən gələndə və insanlara müsbət emosiyalar, xoşbəxtlik və harmoniya bəxş etdikdə xalqları və ölkələri yaxınlaşdırır. Mən öz musiqimdə düşüncələrimi, müxtəlif hisslərimi, məqsəd və arzularımı ifadə edirəm və insanlarla bölüşməyə çalışıram. Bu bir növ mənə yaxın insanlarla ürəkdən söhbətdir və burada hər kəs öz daxili aləmini paylaşmağa, ruhundan bir parçanı ətraf dünyaya bəxş etməyə çalışır", - deyə musiqiçi qeyd edib.

Xatırladaq ki, iyulun 4-də Heydər Əliyev Mərkəzində "Beynəlxalq Bakı Yay Caz Günləri"nin təntənəli açılışı olub. İki konsert təqdim olunub. Türk musiqiçiləri - məşhur gitara ifaçısı Öndər Focan, caz ifaçısı Meltem Ege, həmçinin Şenov Ülkər (truba, flügerhorn), Bulut Gülen (trombon), Ozan Musluoğlu (kontrabas) və Serkan Alagökü (zərb alətləri) Bakı Kamera Orkestrinin müşayiəti ilə çıxış edib. Sona məşhur pianoçu, beynəlxalq müsabiqələrin laureatı, Azərbaycanın əməkdar artisti Elçin Şirinov israilli həmkarları Amir Bresler (zərb alətləri), Oren Hardi (kontrabas) və Gilad Hekselman (gitara) ilə birgə çıxış etdi.

İyulun 5-də məşhur gürcü pianoçusu, aranjimançı, Berkli musiqi kollecinin professoru Georgi Mikadze fransalı musiqiçilər Fransua Muten və Rafael Pannye ilə birlikdə Heydər Əliyev Mərkəzinin parkında məşhur gürcü bəstəkarlarının caz improvizasiyalarını ifa edəcək.

Bayramın yekun akkordu iyulun 7-də Oleq Lundstrem adına caz orkestrinin çıxışı olacaq.

Bakıda ilk dəfə 2019-cu ildə çıxış edərək o vaxtdan dinləyicilərimizin rəğbətini qazanmış kollektiv bu dəfə də onları öz yaradıcılığı ilə sevindirəcək. Konsert Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək.

Park zonasında konsertlərə giriş sərbəstdir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti