Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin Cenevrə Ofisi ilə birgə tərəfdaşlıq çərçivəsində təşkil etdiyi 31-ci Ali-Səviyyəli Toplantısı öz işini yekunlaşdırdı.
Trend xəbər verir ki, toplantı, ümumilikdə 25-dən çox ölkədən 40-dan çox nüfuzlu liderin, o cümlədən, Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Cenevrə Ofisinin baş direktorları, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş Katibi və müavini, BMT‐nin Ticarət və İnkişaf üzrə Konfransının Baş Katibinin iştirakı, eləcə də, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri, COP29 Prezidentinin video mesajı ilə baş tutdu.
Qeyd edilir ki, tədbirin gedişatında qonaqlar müasir dövrdə qlobal idarəçilikdə qarşıya çıxan çətinliklər, inkişaf etməkdə olan ölkələr üçün dayanıqlı inkişaf məqsədlərinin maliyyələşdirilməsi, COP29-un verdiyi vədlərin icrası ilə praktik nəticələrə çatmaq və qaçqın böhranının təsirləri kimi aktual məsələlər haqqında çıxışlar ediblər.
Tədbirin əhəmiyyətini vurğulamaq üçün bildirək ki, tədbir mart atında Bakıda baş tutacaq 12-ci Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyır. Belə ki, tədbir çərçivəsində Mərkəzin idarə heyəti üzvlərinin iştirakı ilə foruma hazırlıq məqədli iclas da keçirilib.