Bakı.Trend:
Son günlər sosial media istifadəçilərinin Mədəniyyət Nazirliyinin 2004–2022-ci illərlə bağlı səsləndirilən iddialarına dair diqqətinizə çatdırırıq ki, həmin dövrdə aşkarlanan qanun pozuntuları mövcud qanunvericilik çərçivəsində araşdırılıb, onlara hüquqi qiymət verilib və məsuliyyət tədbirləri tətbiq olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bəzi sosial şəbəkələrdə Mədəniyyət Nazirliyinin təşkil etdiyi müxtəlif tədbirlərdə çıxış edən ifaçıların seçim qaydaları ilə bağlı faktlara söykənməyən məlumatlar yayılmaqdadır:
"Bununla əlaqədar ünvanlanan sorğuya cavab olaraq bildiririk ki, nazirliyin tabeliyində çalışan əməkdaşlar tərəfindən qanunsuzluq hallarına yol verilməsi barədə müraciətlər daxil olduqda nazirlik tərəfindən qanunvericiliyə uyğun olaraq araşdırma aparılır, zəruri hallarda toplanmış materialların obyektiv hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına göndərilməsi təmin edilir".
Qurumdan bildirilib ki, incəsənət nümayəndələrinin dövlət tədbirlərində iştirakına şərait yaradılmaması ilə bağlı şikayətlərə gəldikdə isə, Nazirliyin fəaliyyətinin 2004-2022-ci il dönəmlərini əhatə etdiyinə baxmayaraq, ötən il müəyyən qüvvələr tərəfindən bir daha aktuallaşdırılıb, Nazirlik tərəfindən bu iddialara baxılıb və xidməti yoxlama aparılıb:
"Araşdırma nəticəsində konkret şəxslərin qanunsuz əməllərini sübuta yetirən faktlar və sübutlar təqdim edilməyib. Bu isə səsləndirilən iddiaların əsassız olduğunu bir daha təsdiqləyir. Mədəniyyət Nazirliyinin təşkil etdiyi rəsmi tədbirlərdə, konsert proqramlarında çıxış edən ifaçıların seçimi qaydalarına gəlincə bildirmək istərdik ki, bu seçim tədbirin formatına, konsepsiyasına, habelə ifaçının repertuar məzmunun bu formata uyğunluğuna əsasən aparılır, müvafiq ekspert qrupunun qərarı ilə təsdiq edilir".
Qurumdan əlavə edilib ki, xatırlatmaq istərdik ki, Mədəniyyət Nazirliyinin ötən 2004-2022-ci illər dönəmini əhatə edən, keçmiş fəaliyyəti ilə bağlı səsləndirilən müxtəlif fikirlərlə Nazirliyin bugünkü fəaliyyətinə kölgə salınması yolverilməzdir.
