...

Qənirə Paşayeva seçicilərlə görüşüb (FOTO)

Seçki 2015 Materials 22 Oktyabr 2015 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend,

Millət vəkili Qənirə Paşayeva Tovuzun Abulbəyli kəndində seçicilərlə görüşüb.

Qənirə Paşayeva ötən 10 illik deputat fəaliyyəti barədə danışaraq bu illər ərzində seçicilərinin ona etimadını doğrultmaq üçün çalışıb: "Bu 10 ildə sizə vicdanla, məsuliyyətlə, ləyaqətlə, Sizin layiq olduğunuz səviyyədə xidmət etməyə çalışdım" - deyən Qənirə Paşayeva ona göstərilən etimad çərçivəsində beynəlxalq təşkilatlarda (xüsusilə AŞPA, AVRONEST), Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi yarımmilyon soydaşımızın yaşadığı və strateji müttəfiqimiz olan Gürcüstanla əlaqələrin daha da inkişaf etməsi istiqamətində, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya, Azərbaycan-Rumınya, Azərbaycan-Pakistan, Azərbaycan-Misir və s. dostluq qruplarının üzvü kimi fəaliyyəti zamanı da seçicilərini və ölkəmizi ləyaqətlə təmsil etmək üçün bütün gücü ilə çalışdığını deyib.

Qənirə Paşayeva bildirib ki, Tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq, seçicilərin bundan sonra da hər zaman səsi olacaq və yenidən namizədliyini irəli sürməsində də məqsədi budur. Q.Paşayeva bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən böyük işləri, ölkəmizin inkişafını hər bir Azərbaycan vətəndaşı, o cümlədən tovuzlular öz həyatlarında hiss edirlər. Son illər ərzində məhz bu dəstək nəticəsində Tovuzda həyata keçirilən böyük layihələrə toxunan millət vəkili Qənirə Paşayeva bildirib ki, bununla yanaşı öz həllini gözləyən problemlər də var və onların həlli ölkəmizin daha da inkişafından keçir ki, biz hamımız birlikdə buna çalışmalı, özəlliklə böyük və kiçikliyindən asılı olmayaraq hər bir vəzifə sahibi yerlərdə insanlarımıza daha da yaxşı xidmət göstərilməsi istiqamətində səyləri daha da artırmalıdır.

Biz xalqın xidmətçiləriyik deyən millət vəkili Q.Paşayeva xalqına xidmət göstərməkdən gözəl nə ola bilər ki deyərək bu günə qədər olduğu kimi bundan sonra da hər zaman məhz bu düşüncə ilə seçicilərinə diqqət göstərəcəyini deyib:"Tovuz mənim dünyaya göz açdığım yerdir, mənim üçün çox əzizdir. Mən hər zaman Tovuzun və əziz seçicilərimin qarşılaşdığı problemi, üzləşdiyi çətinliyi öz şəxsi məsələmdən ayrı bilməmişəm. Tovuzda heç bir qurum deyə bilməz ki, Qənirə Paşayeva özü və ya ailə üzvləri bu 10 ildə Tovuzda 1 sot da olsa torpaq alıblar, özlərinə biznes qurublar, şəxsi xahişlər ediblər. Mənim bütün xahişlərim yalnız sizinlə bağlı olub. Siz məni 10 il əvvəl ailənizin bir üzvü kimi sahibləndiniz və mən də sizə söz verdim ki, bu səmimiyyət və etimadınıza hər zaman layiq olmaq üçün çalışacam. Və bütün fəaliyyətimdə bu sözü heç unutmadım."

Qənirə Paşayeva 105 saylı dairəni təmsil edən millət vəkili kimi daim fəaliyyəti ilə bağlı seçiciləri qarşısında hesabat verdiyini vurğulayıb və onların qarşısında 10 illik fəaliyyəti ilə bağlı hesabat verib və seçiciləri bu istiqamətdə maraqlandıran suallarına da cavab verib. Hər bir seçicinin 1 noyabr seçkilərində fəal olmasının və seçkilərdə iştirakının vacibliyini vurğulayan millət vəkili seçkilərin azad və şəffaf keçiriləcəyinə əminliyini bildirib. Seçicilər Qənirə Paşayevanın deputat kimi fəaliyyətindən razılıqlarını ifadə ediblər və sizə dəstəyimiz davam edəcək və inanırıq ki, bundan sonra da bu günə qədər olduğunuz kimi bizi və dövlətimizi layiqincə təmsil etməyə çalışacaqsınız deyiblər. Bundan başqa, onlar su və kənd yolları ilə bağlı müəyyən məsələlərin həlli ilə bağlı fikir və təkliflərini də millət vəkilinə çatdırıb, fikir mübadiləsi aparıblar. Qaldırılan məsələlərin bir hissəsini yerində müvafiq qurumlarla danışaraq həll edən Qənirə Paşayeva bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib.

Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərlə yanaşı seçki platformasından da danışıb, sualları cavablandırıb. Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin Abulbəylidə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Qənirə Paşayeva bir sıra şəhid ailələri və müharibə əlil və veteranları ilə də görüşərək onların qayğı və problemləri ilə maraqlanıb.

Seçicilər millət vəkili ilə görüşdə kənddə ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı rayonda bu sahəyə cavabdeh qurumla həmin müraciətlərə qısa zamanda baxılmasına dair müzakirələr aparıb. Sakinlər özəlliklə iş yerlərinin artmasına xidmət edən layihələrə böyük ehtiyac olduğunu xüsusi vurğulayıblar. Millət vəkili kənd sakinləri ilə görüşdən sonra bir sıra vətəndaşları tək-tək də dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını, müvafiq qurumlarla danışacağını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti