...

Siyasi ekspert: Azərbaycan seçkilərdən sonra daha da inkişaf edəcək

Seçki 2015 Materials 30 Oktyabr 2015 22:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Azərbaycan seçkilərdən sonra daha da inkişaf edəcək. Trend-in məlumatına görə, bunu türkiyəli jurnalist, siyasi ekspert Çetiner Çetin Seçki-2015.az saytına müsahibəsində noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri və seçkiöncəsi Qərbin bəzi qüvvələri tərəfindən səslənən ittihamları şərh edərkən deyib.

O, qeyd edib ki, bu gün Azərbaycanda demokratik sistem var: "SSRİ dağılandan sonra Azərbaycan müstəqilliyinə qovuşdu və həmin dövrdən başlayaraq, sürətlə inkişafa qədəm qoydu. Bu baxımdan, Azərbaycanın demokratiya məsələsində gəldiyi nöqtə çox uğurludur. Təbii ki, hər şeyə birdən-birə nail olmaq mümkün deyil. Misal üçün, Türkiyə 90 il ərzində bir çox şeyə nail olub. Azərbaycan isə bu gün sahib olduqlarını cəmi 24 il ərzində əldə edib. Yəni bir çox şeylər zamanla həll olunur. Bəzən demokratik inkişafda zəifləmələr, yaxud gücləmələr olur. Bu, ABŞ-da da, Avropada da, Türkiyədə də belədir. Bu baxımdan, Azərbaycanın demokratik sisteminin inkişaf etdiyini düşünürəm və parlament seçkilərinin bu sistemə uyğun şəkildə şəffaf və ədalətli şəkildə keçiriləcəyinə inanıram".

Ç.Çetin bildirib ki, Azərbaycan müasir ölkədir: "Düşünürəm ki, seçkilər də dünya standartlarına uyğun keçiriləcək. Bu baxımdan, Azərbaycana qarşı qərəz cəhdi yanlışdır. Dövlət rəhbərliyi ölkənin demokratik inkişafı, tanıdılması istiqamətində xeyli iş görüb. Bu gün Azərbaycan enerji, idman, siyasət və iqtisadiyyat sahəsində söz sahibi olan bir ölkədir. Bəzən Azərbaycanla bağlı əsassız ittihamların səslənməsi ölkənin inkişafını qəbul etməməkdən irəli gəlir. Bu ittihamların arxasında iki məqsəd var. Birincisi, müsəlman ölkəsi olan Azərbaycanın bu qədər sürətlə inkişafı onları narahat edir. Bu gün Yaxın Şərqdə müsəlman ölkələrində məqsədli şəkildə müharibələr aparılır, bu ölkələrin iqtisadiyyatı, infrastrukturu məhv edilir. Bəzi qüvvələr Azərbaycanı da Yaxın Şərq ölkələri kimi görmək istəyir. İkincisi isə, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində işğal faktına barışmaz mövqe sərgiləməsidir. Qərb ölkələri Ermənistana gizli şəkildə dəstək verirlər və Azərbaycanın bir çox məsələləri qəbul etməsini istəyirlər".

Ekspertin sözlərinə görə, lakin Azərbaycan rəhbərliyi hər iki məqsədin qarşısında sədd çəkir: "Ölkəni müstəqil yolla inkişaf etdirir və ərazi bütövlüyünün bərpasında barışmaz mövqe tutur. Buna görə də demokratiya və insan haqları üzərindən Azərbaycana bu cür hücumlar edilir. Halbuki seçkilərdə yerli və beynəlxalq müşahidəçilər var və son mövqe bu müşahidəçilərin fikirlərindən sonra bildirilməlidir. Sözügedən qüvvələr tələskənlik etməklə öz məqsədlərini ortaya qoymuş olurlar. Hesab edirəm ki, bütün bu cəhdlərin seçkilərə heç bir təsiri olmayacaq və Azərbaycan parlament seçkilərindən sonra daha sürətlə inkişafını davam etdirəcək".

Xəbər lenti

Xəbər lenti