Bakı. Trend:
Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şirvan şəhərində Mehman adlı şəxsin yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə məlumat daxil olub.
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Kamalbəkov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “TOZ” 8 markalı tüfəng, 1 ədəd kustar üsulla lüləsi kəsilmiş ov tüfəngi, ona aid 7 ədəd patron və 1 ədəd içərisində 6 ədəd patron olan “Revolver” tipli tapança aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.