...

Küveytə gedən Azərbaycan vətəndaşlarına elektron viza verilə bilər

Gündəm Materials 3 Aprel 2018 12:36 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman bu ölkənin Baş nazirinin birinci müavini, Müdafiə naziri Şeyx Naser Sabah Əl-Əhməd Əl-Sabah ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşün əvvəlində səfir Şeyx Naseri yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, şərəfli işində ona müvəffəqiyyətlər arzu edib.

Azərbaycan rəhbərliyinin Küveytlə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini qeyd edən E. Qəhrəman ölkələrimiz arasında tarixi, dini və mədəni bağlılığın əlaqələrimizin daha da inkişafı üçün münbit şərait yaratdığını bildirib. Azərbaycanın İslam və ərəb dövlətləri, o cümlədən Küveytlə münasibətlərinə toxunaraq, iki ölkə arasında iqtisadi-ticarət, müdafiə, investisiya qoyuluşu, mədəniyyət və turizm və bir sıra digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu bildirib. Əlaqələrin inkişafı istiqamətində gələcək illər ərzində daha intensiv şəkildə fəaliyyətin aparılmasının zəruri olduğunu vurğulayaraq, əməkdaşlıq əlaqələrinin bütün sahələrdə genişlənəcəyi və inkişaf edəcəyinə, ticarət dövriyyəsi və səfər mübadilələrinin artacağına ümidvar olduğunu diqqətə çatdırıb.

Həmçinin, Ümummilli lider tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq aləmə inteqrasiyasından, Dağlıq Qarabağ problemindən, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə baxmayaraq, bu gün ölkədə mövcud sabit siyasi və ictimai durum, ardıcıl olaraq həyata keçirilən sosial-iqtisadi islahatlar, ölkəmizin elmi-texniki potensialı, inkişaf etmiş iqtisadiyyatı, əldə olunmuş digər mütərəqqi nailiyyətləri barədə də müsahibinə ətraflı məlumat verib. İki ölkə arasında birbaşa aviareyslərin həyata keçirilməsinə başlandıqdan sonra Küveytdən Azərbaycana 17000 turistin səfər etdiyi, birbaşa aviareyslərin həftədə 6 dəfə həyata keçirildiyi, 2016-cı il tarixindən etibarən Küveyt vətəndaşlarına Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinin tətbiqinə başlanıldığı, həmçinin Küveyt vətəndaşlarının elektron “ASAN Viza” sistemi vasitəsilə qısa bir müddətdə viza almaq imkanında olduqları barədə məlumat verib. Eyni zamanda, Azərbaycan vətəndaşlarına da elektron vizaların verilməsi imkanlarına baxılmasını xahiş edərək, məsələnin müsbət həllinin ikitərəfli münasibətlərin inkişaf tempinə töhfə olacağı barədə fikrini ifadə edib.

Görüş zamanı İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığından söhbət açan səfir, ölkəmizin taleyüklü problemi olan Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə əlaqədar Küveyt Dövlətinin göstərdiyi siyasi dəstəyə görə ölkə rəhbərliyinə və xalqına minnətdarlığını bildirib.

Öz növbəsində, Şeyx Naser Sabah Əl-Əhməd Əl-Sabah Küveyt rəhbərliyi və xalqının Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayaraq, Prezident İlham Əliyevin və Küveyt Əmiri Şeyx Sabah Əl-Əhmədin qarşılıqlı səmimi münasibətlərinin iki dost ölkə arasında əlaqələrin inkişafında mühüm rolunu qeyd edib. Azərbaycana, ölkə rəhbərliyinə və xalqımıza bəslədiyi səmimi ehtiram hisslərini ifadə edib. AR-lə əlaqələrin bundan sonra da inkişafına öz tərəfindən yardım etməyə hazır olduğunu bildirib. Azərbaycan ilə bütün sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etməsində maraqlı olduqlarını bildirərək, əməkdaşlıq əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsi məqsədilə hər iki ölkənin müvafiq qurumlarının nümayəndə heyətlərinin qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi zərurətini diqqətə çatdırıb. Hər iki tərəfin ekspertlər və yüksək rütbəli məmurlarının, habelə nazirlər səviyyəsində görüşlərin təşkil edilməsinin də zəruriliyini bildirib.

Azərbaycan rəhbərliyinin Küveyt vətəndaşları üçün sadələşdirilmiş viza rəsmiləşdirilməsi qərarını yüksək qiymətləndirildiyini bildirərək, bu addımın, həmçinin iki ölkə arasında birbaşa hava xəttinin açılmasının mövcud əlaqələrin inkişaf tempinə, o cümlədən siyasi, iqtisadi, ticarət, ictimai, humanitar və digər mühüm sahələrin möhkəmlənməsinə müsbət təsir göstərdiyini vurğulayıb. Təhlükəsizlik, mental uyğunluq, qədim tarix, gözəl təbiət, zəngin mədəniyyət və ləziz mətbəx baxımından küveytlilər üçün olduqca cazibədar olan Azərbaycana səfər edənlərin sayında artımın olmasını sevindirici bir hal kimi qeyd edib. Azərbaycan vətəndaşlarına da elektron vizaların verilməsi fikrini müsbət dəyərləndirdi və məsələyə baxılması məqsədilə müvafiq göstəriş verəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti