...

Ölüm faktı baş verən klinikadan açıqlama: Burada həkim məsuliyyətsizliyi və ya səhlənkarlığı ola bilməz

Gündəm Materials 5 Oktyabr 2018 15:41 (UTC +04:00)
Bakıda fəaliyyət göstərən "Elmed" Klinikası müalicə alan xəstənin dünyasını dəyişməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Ölüm faktı baş verən klinikadan açıqlama: Burada həkim məsuliyyətsizliyi və ya səhlənkarlığı ola bilməz

Bakı. Samir Əli - Trend:

Bakıda fəaliyyət göstərən "Elmed" Klinikası müalicə alan xəstənin dünyasını dəyişməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Klinikanın mətbuat xidmətinin rəhbəri Yusif Osmanlı Trend-ə açıqlamasında bildirib ki, hadisə xəstənin qəfil halının pisləşməsi nəticəsində baş verib: "Xəstə Əliyev Himayil Əli oğlu oktyabrın 4-də xəstəxanaya daxil olub və saat 13:30-da əməliyyata götürülüb. 14:00-da əməliyyat normal başa çatıb və əməliyyatdan sonra o, ailə üzvləri ilə danışıb. Həmin vaxt xəstənin vəziyyəti qənaətbəxş olub, şikayəti olmayıb".

Y.Osmanlı bildirib ki, palataya yerləşdirilən xəstənin halı axşam saatlarında qəfil pisləşib: "Saat təxminən 21:00 radələrində Himayil Əliyevin səhhəti qəfil pisləşib. Klinikanın həkim briqadası çağırışa gəlsə də, həkim müdaxilə edənə qədər xəstə keçinib. Burada həkim məsuliyyətsizliyi və ya səhlənkarlığı ola bilməz".

Y.Osmanlı qeyd edib ki, ilkin ehtimal kimi ölümə səbəb infarkt və trombemboliya göstərilir.

Xatırladaq ki, 1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu oktyabrın 4-də səhər saat 11 radələrində "öd daşı və kəskin kalkulyoz" diaqnozu ilə "Elmed" Klinikasına daxil olub və əməliyyata götürülüb. H.Əliyev əməliyyatdan sonra həmin gün axşam saat 21 radələrində dünyasını dəyişib.

Ölümün səbəblərini müəyyənləşdirmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizasına təqdim edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti