...

Nazirlik: Meşələr yanğının və mal-qara otarılmasının qarşısının alınması üçün çəpərlənir

Gündəm Materials 26 Fevral 2019 13:06 (UTC +04:00)
Meşə sahələrinin bəzi hissəsinin yanğından mühafizə və nəzarətsiz mal-qara otarılmasının qarşısının alınması məqsədilə çəpərlənməsi nəzərdə tutulur.
Nazirlik: Meşələr yanğının və mal-qara otarılmasının qarşısının alınması üçün çəpərlənir

Bakı. İlhamə İsabalayeva - Trend:

Meşə sahələrinin bəzi hissəsinin yanğından mühafizə və nəzarətsiz mal-qara otarılmasının qarşısının alınması məqsədilə çəpərlənməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Sadiq Salmanov deyib.

Onun sözlərinə görə, dünyanın hər yerində meşə yanğınlarının əsas səbəbi insan faktoru ilə bağlıdır:

"Ötən il Yunanıstanda, Kaliforniyada baş verən güclü yanğınlar və fəlakətlər buna bir sübutdur. Təəssüf ki, Azərbaycanda da ötən il insanların ehtiyatsızlığı nəticəsində meşə yanğınları baş verdi. Buna görə meşələrin giriş-çıxışı çox olan sahələrdə çəpərlənmə işləri aparılır. Meşələrdə çəpərlənmə yalnız zəruri olan sahələrdə aparılacaq. Söhbət əsasən təbii çəpərlənmədən və yalnız az bir hissədə məftil sədlərdən istifadədən gedir. Bu da xüsusilə yeni əkilmiş ərazilərin qorunmasına, yanğından mühafizəyə, təbii bərpanın sürətləndirilməsinə xidmət edir".

S.Salmanov bildirib ki, ümumiyyətlə bu təcrübədən dünyanın hər yerində istifadə edilir və normal hal sayılır. Milli Meşə Proqramı hazırlanarkən BMT-nin Ərzaq Təhlükəsizliyi və Kənd Təsərrüfatı Təşkilatının (FAO) verdiyi tövsiyələrdə də bunlar nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti