...

Əmək və sosial sığorta məsələlərinə dair təkliflər müzakirə edilib (FOTO)

Gündəm Materials 24 Aprel 2019 20:14 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə görüş olub.
Əmək və sosial sığorta məsələlərinə dair təkliflər müzakirə edilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə görüş olub.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafı təmin edən siyasətində sahibkarlığın inkişafının dövlət tərəfindən dəstəklənməsinin xüsusi yer tutduğunu vurğulayıb. Nazir respubikamızda biznes və investisiya mühitinin yaxşılaşdırılması və şəffaflaşdırılması istiqamətində mühüm addımların atıldığını, nəticədə özəl sektorun ölkə iqtisadiyyatında çəkisinin əhəmiyyətli şəkildə artdığını qeyd edib.

S.Babayev əmək, məşğulluq, sosial müdafiə sahələrində islahatların geniş miqyas aldığını deyib. O, əmək qanunvericiliyinin təkmilləşdirilməsi və əmək bazarına, işçilərin hüquqlarının təminatına müasir texnologiyaların tətbiqi əsasında operativ və effektli nəzarət sisteminin yaradılması istiqamətində görülən işləri diqqətə çatdırıb.

Nazir yeni qurulan “Məşğulluq” altsisteminin məşğulluq xidmətlərinin keyfiyyətinin və çevikliyinin artırılması, işsiz və işaxtaranlara əlçatanlığının təmin olunmasına imkan verdiyini deyib. Bildirib ki, bu altsistem, eyni zamanda, işəgötürənlərin, o cümlədən “AmCham Azərbaycan”da təmsil olunan şirkətlərin müvafiq peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatlarının ödənilməsi mexanizminin təkmilləşməsinə şərait yaradır.

Nazirliyin “AmCham Azərbaycan”la fəal əməkdaşlıq həyata keçirdiyini diqqətə çatdıran S.Babayev qeyd edib ki, Palatanın biznes mühiti ilə bağlı müşahidə və tövsiyələrdən ibarət “Ağ sənəd” layihəsində əmək və məşğulluq, sosial sığorta məsələləri ilə bağlı təklif və tövsiyələr də yer alır. Palatanın nümayəndələri ilə mütəmadi təşkil edilən belə görüşlərdə həmin təklif və tövsiyələrin öyrənilməsi əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində aparılan işlərdə önəmlidir.

“AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində aparılan islahatları maraqla izlədiklərini deyib. O, əmək və məşğulluq, sosial sığorta sahələrində həyata keçirilən islahat tədbirlərinin də əmək bazarı iştirakçılarının qanuni mənafelərinin daha dolğun təminatı baxımından əhəmiyyətini qeyd edib.

Görüş zamanı aparılan islahatlar, əmək bazarının tənzimlənməsi istiqamətində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb, Palatanın təhsil və əmək məzuniyyətləri, ezamiyyə qaydaları və sosial sığorta ödənişlərinin optimallaşdırılması ilə bağlı təklif və tövsiyələri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti