Bakı. Samir Əli - Trend:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsi respublika ərazisində təcili reydlərə başlayıb.
İdarədən Trend-ə bildirilib ki, həyata keçirilən güclü reydlər zamanı Su polisləri Qaradağ-Hacıqabul istiqamətində yol kənarında antisanitar şəraitdə və öz həyatlarını təhlükəyə ataraq balıq satışı həyata keçirənlərlə maarifləndirmə edib. Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları bildirib ki, yol kənarında bu cür antisanitar şəraitdə balıq satışının həyata keçirilməsi insanlar üçün çöx təhlükəlidir: “Siz burada satış etməklə, həm öz həyatınızı, həm də insanların həyatını təhlükəyə atırsınız. Maşınların tüstüsü altında, kim harada istəyir bu satışı həyata keçirməyiniz məsləhətli deyil. Bu şəraitdə balıq satmaq olmaz”.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları balıq mövsümünün başlanması ilə əlaqədar Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olanlar və qeyri-qanuni işlər görənlərlə ciddi-cəhdlə mübarizələr həyata keçirir.
İdarənin məlumatında bildirilir ki, Su Polisi tərəfindən ölkə ərazisində ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan orqanizminə ciddi zərər vuran, yararsız qida məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti əməliyyatların icrasına başlanılıb. Reydlər əsasən antisanitar qaydada balıqların hisə verildiyi məkanları aşkar etmək, eləcə də balıqların elektrik naqili ilə kütləvi məhv edilməsinin qarşısnın alınması, qanunsuz körpülərin salınması, eləcə də qanunsuz şəkildə saxta qara kürülərin satışının təşkili, göllərdə süni şəkildə dərmanlarla qidalandırılaraq böyüdülən balıqların bazarlarda satışının, restoran və kafelərdə istifadəsinin qarşısının alınması üzrə gücləndirilmiş rejimdə reydlər aparılır.
Bu reydlərə eləcə də, balıqların süni və antisanitar şəraitdə saxlanılması üçün yaradılan qanunsuz göllər və vətəgələr, su hövzələri də daxildir.
Su Nəqliyyatında Polis İdarəsi bununla yanaşı, dəniz kənarında yerləşən restoranlardan dənizə çirkli suların axıdılması, dəniz qumunun və balıqqulaqlarının oğurlanması faktları ilə də mübarizə aparır.
İdarədən verilən məlumatda o da qeyd olunur ki, qanunsuz ov alətlərindən istifadə ilə bağlı, eləcə də sadalanan digər qanun pozuntuları ilə bağlı müvafiq inzibati tədbirlər görüləcək. Qanunu pozanlara qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cəza və cərimələr tətbiq ediləcək. Su Nəqliyyatında Polis İdarəsi əhalini qanunlara riayət etməyə səsləyir.
Qeyd edək ki, artıq start götürən reydlər davamlı olaraq həyata keçiriləcək.
Onu da qeyd edək ki, Qızılağac Dövlət Qoruğu, Abşeron Dövlət Qoruğu, Ağgöl Dövlət Qoruğu və Sarısu Ovçuluq Təsərrüfatı, eləcə də Şərbətgöl, Mahmutçala, Qırmızıçala, Yaşma, Giləzi, Varvara Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisində yerləşən dövlət qoruqları və ovçuluq təsərrüfatlarıdır. Sadalanan ərazilərdə il ərzində vaxtaşırı proflaktik tədbirlər keçirilir və ovçulardan ov qaydalarına riayət olunması barədə söhbətlər aparılır.