Bakı. Samir Əli - Trend:
Ermənistan silahlı qüvvələrinə məcburi döyüşə göndərilən əsgərlərin şəkilləri yayılıb.
Trend-in erməni KİV-inə istinadən məlumatına görə, ruh yüksəkliyi yaratmaq üçün onları keşiş yola salır.
Amma yayılan fotolarda erməni əsgərlərinin sifətindəki qorxu, həyəcan uzaqdan hiss ediləcək səviyyədədir. Fotoya diqqətlə deyil, elə gözəyarı baxanda məlum olur ki, həmin şəxslər döyüşmək üçün məcburi gətiriliblər. Biçarələrin sifətində bir solğunluq sezilməkdədir.
Məcburi evlərindən çıxarılan bu şəxslərin birinin də sifətində təbəssüm, döyüş əzmi yoxdur. Əsgərlər nə gülmür, nə sevinmir, biri də döyüşə yollandığı üçün qürur hissi keçirmir. Çöhrələrində ölümqabağı qorxu və həyəcan, lal sükut var. Keşiş xeyir-dua verir, əsgərlərdə ruh yüksəkliyi yaratmaq istəyir. Onlar isə canlı meyitlərdir. Keşişin "qorxma-qorxma" dediyi bu biçarələr sanki indidən ən yaxşı halda Azərbaycan əsgərinə təslim olacağını gözü önünə gətirir. Fotoda keşişin danışığı, ürək-dirək verməsinə isə qulaq asan yoxdur. Çağırışçıların sifətində "burdan necə canımı qurtara bilərəm" ifadəsi var.
Azərbaycan Ordusuna çağırılanlar və orduda döyüşən əsgərlərimizdəki ruh yüksəkliyi ilə bağlı sosial şəbəkələrdə paylaşılan videolara baxanda isə Azərbaycan əsgəri ilə fəxr edirsən. Əsgərlərimizin ruh yüksəkliyi, peşəkarlığı və sərrastlığı, ürəklə döyüşə atılması qürurvericidir. Ona görə də peşəkar Ordumuzun peşəkar hərbçiləri düşmən mövqelərini vaxtında və dəqiqliklə məhv etməyə qadirdir.