Bakı. Trend:
Naxçıvan Qarnizonu Qoşunlarında zabit, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən gənclərə sertifikatlar təqdim edilib. Aralarında Vətən müharibəsi iştirakçılarının da olduğu məzunlar növbəti xidmət yerlərinə təntənəli mərasimlə yola salınıblar.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, buraxılış mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəxsi heyəti təbrik edən Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayev bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti ilə güclü müdafiə qüdrətinə və peşəkar döyüş qabiliyyətinə malik Azərbaycan Ordusu formalaşıb. Ümummilli liderimizin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 44 günlük uğurlu əks-hücum əməliyyatı ilə Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycanın haqq işinə verdiyi siyasi və mənəvi dəstək hər bir vətəndaşımızı qürurlandırdığı kimi “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" də böyük əhəmiyyətə malikdir.
General-polkovnik Kərəm Mustafayev doğma Naxçıvanımızda hərbi
infrastrukturun müasirləşdirilməsi və şəxsi heyətin nümunəvi
xidməti üçün mühüm işlərin görüldüyünü, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və
qayğısı sayəsində peşəkar hərbçi kadrların hazırlanmasının daim
diqqət mərkəzində saxlanıldığını və bu məqsədlə müxtəlif hərbi
ixtisaslar üzrə hazırlıq kurslarının təşkil olunduğunu qeyd edib.
Bu kursları uğurla başa vuran gənclərimiz Əlahiddə Ümumqoşun
Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların
“Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar
Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında
şərəfli xidmətləri ilə seçilirlər. Məzunlardan bir qrupu isə
ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı”
fənnini tədris edəcək. İnanırıq ki, hər zaman dövlət qayğısı ilə
əhatə olunan məzunlarımız da Vətənimizin müdafiəsində ayıq-sayıq
dayanacaq, hərbi rəhbərlər də şagirdlərdə hərb sənətinə maraq
yaratmaqla gənclərimizi hərbi xidmətə yüksək səviyyədə
hazırlayacaqlar.
Mərasimdə Vətən müharibəsinin iştirakçısı Fəxri Qazıbəyov məzunlar
adından çıxış edərkən qazandıqları döyüş təcrübəsini və yeni
taktiki bilikləri gənc heyətin peşəkar döyüşçülər kimi
yetişdirilməsinə sərf edəcəklərinə söz verib.
Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib.
Kurs birinciləri tərəfindən xatirə lövhələrinə buraxılış
emblemləri vurulub və şəxsi heyətin tribuna önündən təntənəli
keçidi olub.
Sonda məzunlarla xatirə şəkli çəkdirilib.